Tovuzda bu yol sakinlər üçün keçilməz səddə çevrilib


Digərləri 20 Sen 2021 15:58:00 117 0

Tovuzda bu yol sakinlər üçün keçilməz səddə çevrilib

Tovuzun Yuxarı Öysüzlü və Əlibəyli kəndlərinin sərhədində yerləşən əsas yol bərbad vəziyyətdədir.  

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər bildirir ki, yağış yağanda sözügedən yol keçilməz olur.

Sarı torpaq örtüyü olan yol yağıntılı havada bataqlığa çevrilir. Belə olan halda həmin ərazidə yaşayan sakinlərin rayon mərkəzi ilə əlaqəsi kəsilir.

Hazırda sakinlər yolun sel yuyan ərazisini özləri əl əməyi ilə, torpaq qatı ilə düzəltməyə çalışırlar. Lakin növbəti dəfə güclü yağış yağanda yol yenə də həmin vəziyyətə düşür. Çünki burada çınqıl və ya hansısa daş örtüyü mövcud deyil. Bu yolda çətinliklə bərabər qəza halları da qaçılmaz olur.

Yuxarı Öysüzlü kənd icra nümayəndəsi  Firidun Cəfərov "Xəzər Xəbər"ə bildirdi ki, yolun vəziyyəti ilə bağlı sakinlər nə nümayəndəliyə, nə də bələdiyyəyə müraciət ediblər. Onların məktubla rəsmi müraciətindən sonra kənd bələdiyyəsi büdcə hesabından sözügedən yolun təmiri üçün addımlar atacaq.

Maraqlıdır, kənd icra nümayəndəsi özü də həmin kəddə yaşayaraq və ya işləyərək hər gün bu yoldan istifadə edir. Yəni, yolun yararsız olduğunu o özü də görür. Bəs yolun təmiri üçün niyə sakinlərin rəsmi müraciətini gözləyir?  Bu suala yəqin ki, kənd sakinlərinin özləri də cavab gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son.az