Erməni lobbisinin əsas istəyi Azərbaycanı Rusiya ilə qarşıqarşıya qoymaqdır


Siyasət 20 Sen 2021 12:19:00 111 0

Erməni lobbisinin əsas istəyi Azərbaycanı Rusiya ilə qarşıqarşıya qoymaqdır

Hazırda Rusiya da daxil olmaqla bütün ölkələrdəki erməni lobbisinin əsas istəyi Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdır.

Bunu Trend-ə Rusiya "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

İ.Korotçenkonun sözlərinə görə, bu gün erməni lobbiçiləri hər yerdə təxribatla məşğuldur:

"Erməni lobbisinin bəzi ölkələrin xüsusi xidmət orqanlarındakı güclü mövqelərini, Yerevanda qisas almaq istəyən şəxslərin olduğunu nəzərə alsaq, bu planın bu və ya digər şəkildə hazırlandığı və həyata keçirilə biləcəyini istisna edə bilmərik. Azərbaycanı ləkələmək, Rusiyaya qarşı qoymaq, Rusiya media məkanında Azərbaycan haqqında mənfi informasiya mühiti formalaşdırmaq və Azərbaycandan düşmən obrazı yaratmaq - hazırki mərhələdə əsas vəzifələrdir".

O vurğulayıb ki, erməni lobbisinin təşəbbüsü ilə Paşinyana hücumlar da müşahidə edilir:

"Erməni lobbisi Paşinyandan razı deyil, sosial şəbəkələrdə ona qarşı sui-qəsd çağırışları eşidilir. Üstəlik, böyük erməni lobbiçiləri bunu açıq şəkildə bildiriblər və yeri gəlmişkən, hələlik heç kim bununla bağlı heç bir məsuliyyətə cəlb edilməyib. Əgər sosial şəbəkələrdə, o cümlədən Rusiyadakı erməni lobbiçilərinin və revanşistlərin Paşinyanın fiziki olaraq aradan qaldırılması barədə çağırışları varsa, bu beynəlxalq terrordur. Rusiya hüquq-mühafizə orqanları Paşinyana və ailə üzvlərinə qarşı fiziki zorakılığa çağırış edən şəxsləri müəyyənləşdirb onları dayandırmalıdır".

İ.Korotçenkonun fikrincə, 30 ildə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edilməsinə səbəb olan erməni ideologiyasının əsl simasını göstərmək lazımdır:

"Bu, şəhərlərə qarşı soyqırım idi. Hətta faşistlər də sovet ərazisində erməni işğalçılarının Azərbaycan torpaqlarında etdiyi kimi vəhşiliklər törətməmişdilər. Ermənilər hər şeyi tamamilə məhv etdilər. Qəbiristanlıqlarda meyitlərə qarşı təhqiramiz hərəkətlər, məzarların qazılması - Rusiya ictimaiyyətində alternativ bir fikir yaranması üçün göstərilməli olanlar bunlardır. Ermənilərin işğal etdikləri ərazilərdə 30 il ərzində nə etdiklərini göstərmək lazımdır".

Azərbaycanın Rusiyanın etibarlı strateji tərəfdaşı olması faktından danışan İ.Korotçenko qeyd edib ki, hazırda ən vacib məsələ Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə möhkəmlənməsi və inkişafıdır:

"Azərbaycan hər zaman beynəlxalq münasibətləri ilə tanınıb və biz arxasında təxribatçıların durduğu erməni lobbisinə mövcud reallığı dəyişməsinə imkan verməməliyik. Azərbaycan Rusiya ilə dost ölkədir. İki ölkənin liderləri - Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında şəxsi münasibətlər strateji tərəfdaşlıq, qarşılıqlı xoş niyyət və hörmətə əsaslanır.

Rusiya Prezident Vladimir Putinin açıqladığı aydın mövqeni tutur və tutmalıdır. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq, Qarabağ Azərbaycandır və başqa şərhlər ola bilməz".