Namazda qiyamın fəlsəfəsi nədir?


Digərləri 18 Sen 2021 23:40:00 162 0

Namazda qiyamın fəlsəfəsi nədir?

Namazqılan namaz qılmaq üçün yerindən qalxar və təvazökarcasına və vüqarla Allahın qarşısında qərar tutar.

Qiyam - ayağa qalxmaq və sakit olmaqdan uzaq olmaq deməkdir.

Qiyam - nəfsani istəklərdən uzaq olub, tövbə üçün hazır olmaqdır.

Qiyam - cisim və ruhun Allah qarşısında durmasıdır. Bu zaman insan başını təvazö niyyəti ilə aşağı salmalıdır. Yəni təkəbbürdən uzaq olduğunu göstərər.

Qiyam - İlahi ibadətə hazır olmaq deməkdir.

Qiyam - insanın inkişaf və tərəqqi yolunda fəaliyyət göstərməsidir. Namazqılan tənbəlliyi və süstlüyü kənara qoyub, ümidlə ayağa qalxar və Allaha çatmaq üçün hərəkət edər.

Qiyam - namazqılanın şeytanla, nəfsani istəkləri ilə mübarizəsinin nişanəsidir. Əkbər və əsğər cihadının nişanəsidir.

Qiyam - bərabərliyin təcəllisidir. Namazda hamı bir nəfər kimi Allah qarşısında ayağa qalxarlar: qarası, ağı, sarısı, yoxsulu, zəngini, cavanı, qocası...

Qiyam onu göstərir ki, heç kəs başqasından üstün deyildir. Hamı Allah dərgahının bəndəsidir. Qiyam zamanı təkəbbür divarı sökülər, yoxsullla zəngin yan-yana dayanar.

Qiyam - Allah qarşısında ehtirama riayət etməkdir. Namazqılan Allahın ehtiramını saxlayaraq, ayağa qalxar və mətanətli şəkildə ibadətə başlayar.

Qiyam - Allaha bəndəlik haqqını əda etməkdir.

Qiyam - Allahla ünsiyyət qurub, onunla söhbətdən ləzzət almaqdır.

Qiyam - insanın həm batində və həm də zahirdə Allaha yaxınlaşmaq istəyidir.