Nəzəri və əməli ürfan


Digərləri 18 Sen 2021 22:20:00 134 0

Nəzəri və əməli ürfan

Ürfan elə bir yoldur ki, haqqı istəyənlər ona qədəm basarlar ki, Haqqı tanısınlar. Ürfan iki cürdür: əməli və nəzəri. Əməli - ürfan seyr və sülukdur. Nəzəri ürfan isə kəşf və şuhudun yollarını bəyan edər. Başqa sözlə desək, nəzəri ürfan varlığın təfsiri ilə məşğul olar. Yəni, Allahı, insanı, dünyanı təfsir edər. Əməli ürfan isə kamil insan yetişdirər.

Məsum İmamlar (ə) üçün ürfan təkdir və iki yerə bölünməmişdir. Çünki onlar əməli ürfanın vasitəsilə həqiqətləri tanıyır və bu həqiqətləri söz qəlibinə töküb, insanlara bəyan edirlər.

"Nəhcül-bəlağə" - ürfan dənizidir. O, kamil bir insanın ürfani nəzəriyyələrini bizə çatdırmışdır. İmam Əli (ə) - həm əməli və həm də nəzəri ürfanda kamil insan idi.

"Nəhcül-bəlağə" xütbələrdən və nəsihətlərdən ibarətdir və zahidliyə, təvazökarlığa və Allaha itaətə səbəb olar. Bu da ürfanın müqəddiməsi sayılır. Bundan başqa "Nəhcül-bəlağə"də Allahı tanımaqlıq, məad elmi, Qiyamət haqqında da məlumat vardır.

İmam Əli (ə) özü bu barədə buyurur: "Bu bizik ki, nübuvvət ağacı, mələklərin gedib-gələn yeri, elm mərkəzi, qaynayan hikmət bulağı".

Ona görə də ürfan elminin həqiqətlərini vəhy və risalət ailəsində tapmaq olar. Nəzəri ürfan Məbdə, məad, yaradılış, vəhy, mələklər, mücərrəd aləm, mələkut aləmini əhatə edər. Əməli ürfan isə əxlaq, nəfsani fəzilətlər, ədalət, təqva, zahidlik, cihad, ibadəti və s. əhatə edər.

Nəzəri ürfana aid İmam Əlinin (ə) kəlamları.

İmam (ə) buyurur: "Şükür olsun o Allaha ki, nə filosofların fikir hümməti ilə və nə də ariflərin bəsirəti ilə tanına bilməz. Ağıl və düşüncə sonsuz olan Allahın sifətinə yol tapmaz".

"Dinin başlanğıcı və bünövrəsi - Allahı tanımaqdır. Bu tanımanın kamalı - Ona etiqad bəsləməkdir. Bu inancın ən yüksək nöqtəsi - tövhiddir. Tövhidin ən yüksək nöqtəsi isə Allaha olan ixlasdır".

Əməli ürfana aid İmam Əlinin (ə) kəlamları.

İmam Əli (ə) buyurur: "Düzgün arif o kəsdir ki, ağlını dirçəldər və nəfsini öldürər. O yerə qədər ki, iriliyi xırda və kobudluğu mülayim olmuşdur. Parlaq nur onun üçün parlayar ki, tövhidin şah yolunu aydınlandırsın".

"Ey Allah bəndələri! Şübhəsiz ki, Allah dərgahında ən sevimli bəndə o kəsdir ki, Allah ona nəfsi ilə döyüşdə yardım edər. Ürək otağında hidayət çırağı alovlanar, azuqəsini isə enəcəyi xüsusi gün üçün hazırlayar".

"Allaha şükür edirəm ki, neməti artsın. İtaətsizliyimdən amanda saxlayar. Ehtiyac və imana görə Ondan yardım istəyərəm. Çünki hər kim ki, Onun hidayətindən bəhrələnər, o,  yolunu azmaz".

"Allahım, Sənə ibadət edirəm. Nə əzabının qorxusuna görə və nə də behiştə çatmağa görə. Bəlkə ona görə bəndəliyini edirəm ki, Səni ibadətə, pərəstişə layiq bilmişəm".

"Şübhəsiz ki, cihad behişt qapılarından biridir ki, Allah xüsusi övliyalarının üzünə açmışdır".

İmam Əli (ə) dininin əsasını Allahı tanımaq, Allah Təalanın kamalını tanımaq və İlahi tövhidi təsdiq etməkdə bilmişdir. Bu da insanın həyatın bütün sahələrində ixlaslı olmasına səbəb olar. Ona görə də mömin insan ixlasa çatmaq üçün imanını kamil etməlidir ki, tövhidə çata bilsin. Allahdan başqa heç bir şey onun üçün bu qədər dəyərli olmaz. O, təkcə Məbud və həqiqi Məhbuba çatmaq üçün hərəkət edər.