Zaman artıq Ermənistanın əleyhinə işləyir Azərbaycan mövqelərini gücləndirir


Siyasət 18 Sen 2021 13:24:00 116 0

Zaman artıq Ermənistanın əleyhinə işləyir  Azərbaycan mövqelərini gücləndirir

"Avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yolu Azərbaycanın bağlaması olduqca düzgün bir qərar idi və Azərbaycan yolu dərhal açmadı, sonra isə yolda ziqzaqvari bloklar qurmaq şərtilə yolun açılmasına razılıq verdi. Burada Azərbaycan tərəfi həm Ermənistana, həm də digər tərəflərə mesajını vermiş oldu". 

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistanın qarşısında alternativ seçim şansı qalmayıb:

"Əvvəla, Ermənistanın qarşısına qoyduğumuz sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiyaların açılması, sonda isə böyük sülh sazişinin imzalanmasını özündə ehtiva edən üç şərtin yerinə yetirilməsi üçün təzyiq vasitəsi kimi də dəyərləndirilə bilər. İkincisi, Azərbaycan dövləti atdığı addımlarla göstərir ki, o bütün region ölkələrindən regional hegemonluqlarını daha da genişləndirmək cəhdlərini yox,  bölgədə sülhün bərqərar olması üçün səylərini daha da artırmalarını gözləyir. Heç bir yük maşını ya şəxs Azərbaycan ərazisinə Azərbaycanın icazəsi olmadan daxil ola bilməz. Qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olan hər bir yük maşını və şəxs Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılacaq və təbii ki, Azərbaycan ərazisində saxlanıldığı üçün də Azərbaycan qanunvericiliyinə müvafiq olaraq onlar haqqında tədbirlər görüləcək. 

Hazırda Gorus-Qafan yoluna betonlar qoyulub ki, bu da sürət həddinin aşmamasını təmin edir. Eyni zamanda, Azərbaycan tərəfindən müasir texnoloji avadanlıqlar vasitəsilə oradan nələrin keçirdilməsi, kimin keçməsi müşahidə olunur və bundan sonra da olunacaq. Gorus-Qafan yolu Ermənistanın nəqliyyat mübadiləsi və ticarət dövriyyəsinin 40%-ni əhatə edir. İrəvandan müxtəlif ölkələrə əsasən mis konsentratı daşınırsa hal-hazırda bunu edə bilmirlər. Bu da ölkə üçün gəlir və maliyyə itkisi deməkdir. Məhz bu reallıqlar kontekstində son hadisələr, Azərbaycanın prinsipial mövqeyi və atılan diplomatik addımlar onu deməyə əsas verir ki, zaman indi daha sürətlə Ermənistanın əleyhinə işləyir. Həm də proseslər göstərir ki, Vətən müharibəsinin 1-ci il dönümü ərəfəsində üçtərəfli bəyanatda da əksini tapan, lakin hələ də icra olunmayan müddəaların icrası sürətlənəcək. 

Azərbaycan dövləti sərhəd infrastrukturu və hərbi hissələr yaradır, yəni biz sərhədlərdə möhkəmlənirik. Azərbaycan-Ermənistan sərhədində söz sahibi olan da Azərbaycandır, yəni nə Ermənistandır, nə də başqa bir dövlət. 

Qalıcı sülhün imzalanmasına gəldikdə isə tam real dəyərləndirsək o, bu dəqiqənin işi deyil. Yəni, ona qədər Ermənistan texniki məsələləri yerinə yetirməlidir. Belə ki, iki ölkə arasında demarkasiya və delimitasiyası məsələsi həll olunmalıdır. Lakin Azərbaycanın prinsipial mövqeyi və atılan diplomatik addımlar Ermənistanı buna vadar edəcək. Necə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslinə də müvafiq olaraq vaxtilə imzalanan, lakin icra olunmayan qətnamələri və yaradılan atəşkəsi qüvvəyə mindirmək üçün sülhün bərpa olunması məqsədilə əks-həmlə və sülhəməcburetmə əməliyyatları keçirdisə biz beynəlxalq hüquq çərçivəsində bütün məsələləri sonuna qədər icra edəcəyik. 

Vaxtilə müəyyən diplomatik kanallarla çatdırılan mövqeyimiz indi açıq şəkildə ortaya qoyulur. Azərbaycanın keçid məntəqələri qurmaq, üçüncü ölkələrdən gələn yükləri və şəxsləri kontrol etmək, habelə hərbçilərin və hərbi yüklərin Ermənistandan keçməsinin qarşısını alma hüququ mövcuddur. Ermənistan Azərbaycan tərəfinin sülh və əməkdaşlıq çağırışlarına nə qədər tez cavab versə, itkisi bir o qədər az, faydası isə çox olar. Yerinə yetirilməsə Azərbaycan təzyiq metodlarını və əlində olan resursları və rıçaqları istifadə edəcək. Bu reallığı isə tək Ermənistan deyil, o sırada dayanan bütün regional və regiondan kənar olub burada maraqlalarını təmin etməyə çalışan bütün aktorlar dərk etməlidirlər. 

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın qarşısında alternativ seçim şansı mövcud deyil, onlar üçün yeganə nicat yolu Azərbaycanın çağırışlarına adekvat addım ataraq regionda etimad mühitinin yaranmasına və bunun daha da möhkəmlənməsinə töhfə verməkdən ibarətdir. Eynilə kommunikasiyaların açılması məsələsində də Prezident İlham Əliyev möhkəm siyasi iradə nümayiş etdirərək hər zaman birmənalı şəkildə bəyan edir ki, istənilən halda Zəngəzur dəhlizi açılacaq, Naxçıvanla quru əlaqəmiz birbaşa bərpa olunmalıdır. Bu gün nəzarəti Azərbaycan polisi həyata keçirirsə, Ermənistan artıq bu məsələdə tam gücsüzdür. Azərbaycan bayrağı altından keçmək reallığı və polisimizin nəzarəti son həlledici sözü deyir".

Təhməz Əsədov Son.az