Bakı 2023cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək FOTO


Digərləri 17 Sen 2021 18:58:00 99 0

Bakı 2023cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək  FOTO

Ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ikitərəfli görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müstəqil Azərbaycanın cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində dünya kosmik ailəsinin bir üzvünə çevrildiyini bildirib.

"Məhz bunun nəticəsidir ki, Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbir 50 il sonra yenidən Bakıda keçiriləcək", - deyə görüşdə vurğulanıb.

Qeyd olunub ki, bu tədbir Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacaq.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd çıxışında "Azərkosmos"a sıx əməkdaşlığa görə təşəkkür edib.

"Mən əminəm ki, 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq və ölkənin qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək", - deyə federasiya prezidenti vurğulayıb.