“O itin bir günü 100 dollardır“


Şou-biznes 17 Sen 2021 09:44:00 165 0

“O itin bir günü 100 dollardır“

Son.az "Soy" prodakşnın rəhbəri Oqtay Əliyevin yenisabah.az-a verdiyi müsahibəsi təqdim edir:

- Oqtay bəy, son vaxtlar demək olar ki, ciddi mövzuda olan filmlərə yer verilmir. Daha çox komediya janrında olan filmlər çəkilir. Səbəb olaraq da onu göstərirlər ki, komediya izləyənlərin sayı çoxdur. Bu qənaəti bölüşürsünüzmü?

- Komediya filmləri, komediya tamaşaçıları kütləvi təbliğatdır. İnsanlar da buna daha çox meyillidirlər. Məsələn "Bəxtiyar" filmində ən çox tamaşaçıların sevdiyi və ləzzət etdiyi hissəsi həmin o konsertdə triyonun rəhbəri Ağabalanım oynadığı parçadır.

Komediya çox rahatdır. Komediyada elə də möhtəşəm kadrlara, cəngavərlərə, atlara ehtiyac yoxdur. Gündəlik həyatımız təsvir edilir. Yaxşı komediyalar yazan olsa, möhtəşəm olar. Komediyada gündəlik həyatımız, ev-eşik, maşın əks olunur. Komediyaya hamı baxıb, gülür. Sevinir, əl çalır. Bayramda, xoş günlərdə də baxırlar. Tarixi filmlər çox çətindir. Qiyməti, kirayəsi, aktyorların qalmağı çox baha başa gəlir. Ona görə də bu işə heç kim girişmir. Ciddi filmləri çəkmək çox çətindir. Hətta Rusiya belə bu məsələyə girişmir.

- Ciddi mövzulu filmlərə sponsorlar da yardım etmirlər. Etinasız yanaşırlar. Maraqlıdır, ciddi mövzulu filmlərin ərsəyə gəlməsindən niyə bu qədər qorxurlar?

- Cidd filmlərin çəkilişi çox çətindir. Amma həqiqətən də yaxşı ciddi fimlər olsa, düzgün reklam edilsə, texniki baxımdan yüksək səviyyədə çəkilişlər etsələr, təbii ki, tamaşaçı gedib, ona da baxacaq, sponsor da həmin filmə gələcək.

Hər hansı bir rejissor yaxınlaşır sponsora və yaxud da tamaşaçıya deyir ki, mən Xətai haqqında film çəkirəm. Həmin filmdə vuruşma səhnələri olacaq. Tutaq ki, "Möhtəşəm Yüzyıl" kimi... Təbii ki, geyimləri, dekorasiyası, film tempi, çəkilişi, mənbəyi hazırlanmalıdır. istənilən sponsor ona beş əlli razı olur. Hamısı deyir ki, Azərbaycanın milli-mənəvi dəyərləridir və biz burada mütləq iştirak edəcəyik.

Amma vaxt gəlib, çəkilişə çatanda məlum olur ki, nə sponsorun verəcəyi pul onun çəkilməsinə yetərli olur, nə də qabiliyyətləri.

- Sizcə, ciddi tərz filmləri çəkə biləcək rejissorlarımızmı püxtələşməyib, yoxsa texnikalarımız yoxdur?

- Türkiyəni götürsək, tarixi serialın 1 seriyasını 200 minə çəkirlər. Bizdə isə bir dövlət filminə 600-700 min pul ayırırlar. Bunun bir seriyası bizim bir filmimizdən bahadır. Deməli ona görə də bizə böyük pullar lazımdır ki, həmin filmlər çəkilsin, o da yoxdur. Bizdə elə tərz filmləri çəkə biləcək rejissorlar püxtələşməyib, yoxdur. Vaqif Mustafayev 44 günlük müharibə haqqında film çəkir. Əsas hissə erməni tərəfidir. Məqsəd onların hansı əclaflıqları elədiklərini göstərməkdir. Bir-iki yerlər var ki, orada müharibə səhnələri olmalıdır. İcazələr alınandan sonra baxdılar, gördülər ki, bizdə o sahə üzrə inkişaf yoxdur. Yəni bombanın partlamağı, göydən insanın uçmağı... Xaricdən Gürccüstandan kaskadyorlar dəvət etdilər. Bizim öz bazamızda bunların heç biri yox idi.

Amerikanın özündə də elə filmləri çəkəndə dava səhnələri, at çapma, onları başqa rejissor çəkir. Dramatik, meladrama hissələrini isə başqa biri.