Acıdərə Türk şəhidliyinə yürüş keçirilib VİDEO FOTO


Digərləri 15 Sen 2021 19:50:00 238 0

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib  VİDEO  FOTO

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.

Müdafiə Nazirliyinin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, respublikamızda keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət bayraqları ilə bəzədilən avtomobil karvanı yola düşməzdən öncə layihənin müəllifi polkovnik Abdulla Qurbani Azərbaycan-Türkiyə qardaşlığının tarixi barədə ətraflı məlumat verərək deyib: "Azərbaycan və Türkiyə tarixin müxtəlif mərhələlərində eyni taleyi, eyni faciələri yaşayıb. Dəfələrlə bu ölkələr işğalçılar tərəfindən parçalanmaq, onların aralarında bölüşdürülmək təhlükəsi ilə üzləşsə də, zamanın sərt sınaqlarından hər iki ölkə uğurla çıxmağı bacarıb.

"Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar" düşüncəsi ilə yaşayan ulu əcdadlarımız bugünkü müstəqil yeni Azərbaycanı və qüdrətli Türkiyə dövlətini bizlərə əmanət edərək əbədiyyətə qovuşublar. Bu, tarixdir və tarixdən heç nəyi silmək olmaz. Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar. Azərbaycan və Türkiyə dar günün, qara günün dostudur, qardaşıdır. Dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirlərini bir daha yürüş iştirakçılarına xatırladan polkovnik A.Qurbani qeyd edib ki, Nuru Paşanın və türk qoşun hissələrinin Azərbaycana gəldiyi vaxtdan 103 il keçir. Lakin, bu qardaşlıq köməyi, Bakının və digər bölgələrin erməni-bolşevik işğalından azad edərək şəhidlik zirvəsinə ucalan türk qardaşlarımızın qəhrəmanlıqları heç vaxt yaddan çıxmır, xatirələri həmişə əziz tutulur, onlar hörmətlə, ehtiramla yad edilir.

Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən: "Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq". Bu kəlamların deyildiyi vaxtdan bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq yenə də aktualdır, müasirdir.

Bu fikirlərin təsdiqinin biz ötən ilin həm Tovuz döyüşləri, həm də Vətən müharibəsinin ilk günlərindən şahidi olduq, ədalət və haqq savaşımızda yenə də qardaş Türkiyənin böyük dəstəyini hiss etdik. Bu isə bizə daha böyük güc verdi, qələbəyə inamımızı daha da artırdı. Təcavüzkar Ermənistan üzərində qələbə qazanaraq düşməni utancverici məğlubiyyətə uğratdıq.

1918-ci ilin sentyabr ayının 15-də də Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində ölkəmizi parçalamaq istəyən qüvvələr niyyətlərinə çatmadılar. Bakının işğaldan azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Bu, ədalət və müstəqillik uğrunda birgə savaşımızın qələbəsi idi.

Daha sonra A.Qurbani Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan hərbi paradı yada salıb: "1918-ci il sentyabrın 15-də Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan və qardaş Türkiyənin müştərək Zəfər bayramı idi. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı bu möhtəşəm təntənəyə nəinki azərbaycanlılar, eləcə də Anadolu türkləri, bütün Türkiyə sevinirdi. 100 il öncə olduğu kimi, türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşulmuş, bu böyük zəfəri qeyd edirdi. Həmin gün qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi "Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir" fikirləri yəqin ki, hər birimizin xatirindədir.

Bəli, biz bu problemi də birlikdə həll etdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək, həqiqətən də, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

"Dünyanın 34 ölkəsində 78 türk məzarlığı var, Türkiyədən sonra Azərbaycan ən çox türk şəhidinin uyuduğu bir ölkədir. Sovet dönəmində sərt qadağalara baxmayaraq Azərbaycan xalqı bu torpaqlar uğrunda şəhid olan türk əsgər və zabitlərinin məzarlarını qoruyub saxlayıb, onları itib-batmağa, dağılmağa qoymayıb və ziyarətgaha çeviriblər. İndi Azərbaycanın bir çox bölgələrində, o cümlədən paytaxt Bakıda, Naxçıvanda, Göyçayda, Neftçalada, Hacıqabulda, Salyanda, Şəkidə, Şamaxıda şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılıb. Bu gün biz Qobustan rayonu ərazisindəki Acıdərə "Türk şəhidliyi"nə yürüş edəcəyik. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasında birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Uğur olsun qardaşlar! Yürüşümüz başlanır!".

Polkovnik Abdulla Qurbaninin bu sözlərindən sonra hərbi orkestrin ifa etdiyi məşhur "Mehtər" və "Qələbə" marşlarının sədaları altında avtomobil karvanı Acıdərə şəhidliyinə yola düşür.

Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.