Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq


Digərləri 14 Sen 2021 22:55:00 98 0

Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq

Quranda kitab əhlinin adı çəkilmişdir ki, yəhudilərə və xristianlara şamil edilir. Quran heç bir zaman onları musavilər və ya isavilər adlandırmamışdır. Onları kitab əhli adlandırmışdır. Çünki Quranın məntiqində Musanın (ə) və İsanın (ə) həqiqi davamçısı o kəslərdir ki, Həzrət Muhəmmədin (s) zühuru zamanı ona iman gətirərdilər. O kəslər ki, xristian və yəhudi olaraq qalıblar, kitab əhli sayılırlar. Özlərini uzun əsrlər əvvəl nazil olan kitablarının hüdudunda məhdudlaşdırıblar. 

"Bəqərə" və "Ali-İmran" surəsi elə ayələrə malikdir ki, kitab əhlini bizə tanıdır. Quran ayələri Günəş və Ay kimi həmişə hərəkətdədir və heç bir zaman qurumur və sabit qalmır. Quran kitab əhlinin əhvalatlarını bizə ona görə danışır ki, ibrət dərsi versin.

"Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki, onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır)". ("Ali-İmran" 69). Bu ayə onu göstərir ki, bütün kitab əhli belə deyildir. Lakin bəziləri ürəyində istəyir ki, biz səhv edək və düzgün yoldan çıxaq. Bu ayə gözümüzü da açır ki, pis niyyətli insanlara yersiz etimad etməyək. Özümüzü qoruyan zaman ehtiyatı əldən verməyək.

Bu ayə bizə göstərir ki, pis niyyətli insanlar heç bir zaman qələbə çalmazlar. Zalımlar başqalarına zülm etməzdən əvvəl özlərinə zülm edərlər. Ola bilsin ki, oxları hədəfə dəysin və ya dəyməsin. O kəslər ki, başqalarını yolundan azdırır, buna görə ağır cavab verəcəklər. Quran bu haqda buyurur: "Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!". ("Nəhl" 25).

Bu ayə o zaman nazil olub ki, kitab əhlinin əksər hissəsi Həzrət Peyğəmbərin (s) mübarək xüsusiyyətləri haqqında eşitmişdilər. Onun haqq olduğunu yaxşı bilirdilər. Lakin çoxları ona iman gətirmirdilər. Bəziləri isə həqiqəti gizlədib müsəlmanları yolundan azdırmaq üçün planlar çızırdılar. Quran bütün bunları bizim üçün aşkara çıxarır ki, ondan dərs alaq.