Zalım vəzir istəmədən, imanlı insanın təvəkkül vasitəsi oldu


Digərləri 14 Sen 2021 21:20:00 112 0

Zalım vəzir istəmədən, imanlı insanın təvəkkül vasitəsi oldu

Abdullah Həbiri imanlı və ürəyi yanan insanlardan olmuşdur ki, Bəni-Üməyyənin idarə sistemində işləyərək, çoxlu insanları zülmdən qorumuşdur. Bəni-Üməyyə süqut edəndən sonra isə işsiz qalır və yoxsul olur.

Bir gün Məmunun vəziri olan Əhməd ibni Xalidin evinə gedir. Əhməd onu yaxşı tanıyırdı və ona görə də onu görən kimi çox narahat olur və ona etina etmir. Abdullah onun evinə getməyə davam edir, ancaq vəzir nökərinə əmr edir ki, onu evə buraxmasınlar və desinlər ki, bir daha gəlməsin.

Əhmədin bu nökəri çox imanlı bir insan idi. Abdullahı şəxsiyyətli bir insan kimi tanıdığı üçün, özü üçün yığdığı puldan götürür və Abdullahın yanına gəlir. Ona deyir: "Bu pulu vəzir göndərmişdir və deyir ki, bu pulu xərcləyin, gələcək üçün də bir şey düşünərik".

Abdullah ona deyir: "Mən o evə dilənçilik üçün gəlməmişdim. Mən Allaha etimad və təvəkkül edirəm. Bu gün ki, Əhməd vəzirdir və qüdrət onun əlindədir - mənim müşkülümün həlli də onun əlindədir. Mənim onun evinə gəlməkdə niyyətim - onun özü olmamışdır. Bəlkə onun evinə gələrək sübut etmək istəyirdim ki, çətinliyim bu yolla həll olacaq, yoxsa yox. Əgər həll olmayacaqsa, bir daha ora getməyim".

Sonrakı gün Əhməd, Abdullahı yenə görür və narahat olur. Nökərinə deyir ki, məgər mənim sözlərimi ona deməmisənmi? Nökəri olanları ona danışır. Vəzir çox qəzəblənir və deyir: "Əlimdə olan qüdrətlə onun hesabını verərəm".

O, Məmunun yanına gəlir və Məmun deyir: "Bir neçə gündür ki, qərara almışam Misirə əmir göndərəm. Sənin nəzərinə görə kim bu vəzifəyə layiqdir?".

Vəzir əvvəl dostlarından birinin adını çəkmək istəyir. Ancaq özündən asılı olmadan dili dolaşır və deyir: "Abdullah Həbiri".

Məmun deyir: "Məgər o, sağdır? O, aqil insandır və bu vəzifəyə də layiqlidir".

Vəzir deyir: "O, Bəni Abbasın düşmənidir".

Məmun deyir: "Ona o qədər sevgi göstərərəm ki, bizim aşiqimiz olar".

Vəzir deyir: "O, qocalmışdır və bu vəzifəyə layiqli deyildir".

Məmun deyir: O aqil və təcrübəlidir. İndi get və səfər üçün 300 min dinar pulu onun ixtiyarında qoy ki, Misirə getsin və vəzifəsinə əməl etsin". (Həvzəh)

Bax beləcə, təvəkkül edən imanlı bir insan, bu nadürüst vəzirin və zalım xəlifənin vasitəçiliyi ilə İslama xidmət missiyasını davam etdirir.