Ya Azərbaycanın dediyi olacaq,


Siyasət 14 Sen 2021 13:49:00 137 0

Ya Azərbaycanın dediyi olacaq,

"Olduqca maraqlı bir vəziyyət yaranıb. NATO ölkələri sırasında iqtisadi səviyyədə Almaniya, hərbi, siyasi məsələlərdə Türkiyə Rusiya üçün ən çox danışıqlar aparılan ölkədir". 

Bunu Son.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Ekspert bildirib ki, Azərbaycan böyük güclərin toqquşma meydanı yox, əməkdaşlıq məkanıdır:

"Həm ticarət dövriyyəsində, həm strateji layihələrin həyata keçirilməsində, həm hərbi texniki səviyyədə əməkdaşlıq məsələlərində Rusiya üçün Türkiyə əhəmiyyətli hesab edilə bilər. Bütün NATO ölkələrindən fərqli olaraq ola bilsin, - nə qədər paradoksal görünsə də, - ən çox proqnozlaşdırılan ölkədir. Çünki təxmini bilirlər ki, Türkiyə artıq həm sözdə, həm də əməldə nələrə qadirdir. Ona görə də bu münasibətlər formalaşıbdır. Yəni daimi kontaktlar mövcuddur, daimi gündəlik müzakirə olunur, hətta birgə əməkdaşlıq var - həm Suriyanın şimalında, həm Qarabağ bölgəsində.

Bütün bunlara baxmayaraq, Azərbaycanın xarici siyasətinin bir prinsipi var - Azərbaycan böyük güclərin mübarizə meydanına çevrilməmək. Yəni Azərbaycan hər zaman bunun əksi olaraq əməkdaşlıq məkanıdır. Ona görə də Rusiya-NATO, Rusiya-ABŞ komandanlığı məhz Bakıda görüşlərini keçirirlər.

Bütün digər bölgələrə nəzər yetirsək görərik ki, hazırda mübarizələrin əksəriyyəti bir-birinə həmsərhəd ölkələr tərəfindən aparılır ki, onlardan da biri NATO-nun üzvü, digər Rusiyanın müttəfiqi olan ölkələrdir. Hər iki hərbi siyasi blok birbaşa olaraq sərhəddir. İkinci cür ölkələrdə isə dövlət çox zəifdir. Azərbaycan isə onlardan fərqli olaraq subyektdir. Azərbaycanın özünün rolu, özünün sözü var və o imkan verməyəcəkdir ki, hər hansısa bir üçüncü dövlətin əlində bir vasitə olsun. Bu, çox vacib olan məqamdır. Ona görə də Azərbaycandan heç kəs öz məqsədlərini həyata keçirmək üçün alət kimi istifadə edə bilməz, Azərbaycan özü buna razı olmayacaq.

Əfsuslar olsun ki, Ermənistan nümunəsindən görürük ki, onlar buna razıdırlar. Və ona görə hər zaman tarix boyu, böyük ölkələrin oyunlarında qurbana çevriliblər. Azərbaycan isə bi yolu seçməyib, rəsmi Bakı üçüncü yolu seçib. Biz hərbi-siyasi bloklara üzv deyilik, biz müstəqil xarici siyasət həyata keçirirk, dünyada müttəfiqlərimiz var. Bu, müharibə dövründə də özünü göstərdi. Gözlə görünən müttəfiqlər var, gözə görünməyən müttəfiqlər var. BMT səviyyəsində həmfikirlərimiz çoxdur. Yəni Təhlükəsizlik Şurasının qərarlarına təsir edə biləcək səviyyədə olan dövlətlərin sayında bu özünü göstərdi. 

Qarabağda böyük güclərin toqquşması qeyri-mümkündür. Burada ya əməkdaşlıq olacaqdır, ya da ki, Azərbaycanın dediyi olacaq".

Təhməz Əsədov Son.az