Rusiya da, İran da bilir ki, Azərbaycan haqlıdır


Siyasət 14 Sen 2021 10:05:00 110 0

Rusiya da, İran da bilir ki, Azərbaycan haqlıdır

"Müvəqqəti olaraq Qarabağa yerləşdirilən Rusiyanın sülhməramlı korpusunun yeni generalı Mixail Kosobokovun fəaliyyətində məsuliyyətli olacağına ümid edirik. Qarabağın Dağlıq hissəsi Abxaziya deyil".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, indiki həssas məqamda regionda heç bir dövlət imicini itirmək istəmir:

"Rusiya bu bölgəni (Qarabağın dağlıq hissəsini - red) tanımayıb. Rusiya Abxaziyanı bir dövlət olaraq tanıyıb və Abxaziya ilə rəsmi əlaqələr qurur. Qarabağın dağlıq hissəsini isə Rusiya ayrıca "dövlət" kimi tanımır, onu rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Orada müqayisələr etmək düzgün olmazdı. Əgər sülhməramlı korpusun başçıları və yaxud da ki, sülhməramlı korpus burada "işğal korpusu" kimi fəaliyyət göstərsə, onda əlbəttə ki, Azərbaycan-Rusiya münasibətləri pozulmuş olar. Onu da nə Rusiya, nə də Azərbaycan istəyir.

Ona görə, kimin haradan gəlib sülhməramlı korpusa başçılıq etməsindən asılı olmayaraq bu, belə olmalıdır. Əgər elə bir cəhdlər olacaqsa, ümumiyyətlə postkonflikt prosesi pozulmuş olur və beləcə Rusiyanın da imicinə xələl gələ bilər. Düşünmürəm ki, Rusiya tərəfi bunu istəsin. Düzdür, müəyyən istəklər var, burada hər kəs öz mənfəətini güdmək niyyətindədir, amma bütün bu məsələlər qanunlar, qəbul olunmuş normalar çərçivəsində həll olunmalıdır. Hər halda, bütün tərəflər qəbul olunmuş normalarla davranmağı iddia edirlər.

Bu normalar da bəllidir, bu da Azərbaycanın üstünlüyü deməkdir. Heç kəs Azərbaycanla bununla bağlı birbaşa mübahisə etmir. Baxın, istər Rusiya, istər İran Azərbaycanın bölgədəki addımları ilə bağlı rəsmi sürətdə heç bir etiraz bildirmirlər.

Çünki bilirlər ki, Azərbaycan haqlıdır, haqlı addımlar atır, qanuni addımlar atır və demək olar ki, onlar bu addımları bəyənirlər. Sadəcə olaraq, hər kəsin öz maraqları ola bilər. Onların maraqları indiki vəziyyətlə üst-üstə düşməyə bilər, amma o demək deyil ki, onlar öz maraqlarını bütün imkanlardan istifadə edərək diqtə edə bilsinlər. Çünki indiki həssas məqamda burada heç kəs imic itkiləri vermək istəmir. Bu ərazilərə isə yüklərin daşınması istər İran, istər də Rusiya üçün böyük əhəmiyyət kəsb etmir ki, onlar buna görə Azərbaycanla münasibəti pozsunlar".

Təhməz Əsədov Son.az