Səlim Müslümov vəkilindən imtina etdi


Digərləri 13 Sen 2021 16:50:00 105 0

Səlim Müslümov vəkilindən imtina etdi

Vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirləndirilərək həbs edilən, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəkilindən imtina edib.

Bu barədə Trend-ə vəkil Toğrul Vəliyev məlumat verib.

O bildirib ki, artıq Səlim Müslümovun vəkili deyil: "Mən o işdən uzaqlaşdırılmışam. Hazırda Səlim Müslümovun hüquqlarını müdafiə etmirəm".

Vəkil bildirib ki, sabiq nazirin hüquqlarını başqa vəkil müdafiə edir.

Qeyd edək ki, Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyənləşib.