Qəbələ sakini sağ olaola ölmüş kimi qeydiyyata salınıb


Digərləri 13 Sen 2021 15:12:00 107 0

Qəbələ sakini sağ olaola ölmüş kimi qeydiyyata salınıb

Qəbələ rayon, Vəndam qəsəbə sakini Rəhimov Fərhad Xumar oğlu yaşadığı halda Qəbələ rayon Mərkəzi Xəstəxanası onu 1 il əvvəl ölmüş kimi qeydiyyata salıb.

Bu barədə Trend-ə həmin şəxsin oğlu Bəhlul Rəhimov məlumat verib. O bildirib ki, 1 aydır atasının yaşadığını sübut edə bilmir:

"Qəbələ xəstəxanası 1 il bundan qabaq atamı sağ ola-ola ölmüş kimi qeyd edib. Bizim uzun müddət bundan xəbərimiz olmayıb. "ASAN xidmət" mərkəzinə topaq qeydiyyatına düşmək üçün müraciət edəndə, atama deyiblər ki, "siz, 1 il bundan qabaq infarktdan rəhmətə getmisiniz və sizə sənəd verə bilmərik". Biz də pasport qeydiyyat şöbəsinə müraciət etdik. Onlar da eyni cavabı verdilər. Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramovun qəbuluna getdim, dedi ki, 2 gün ərzində məsələ həll olunacaq. 1 aydır mən atamın yaşadığını sübuta yetirə bilmirəm. Bu müddət ərzində bəlkə 15 dəfə "ASAN xidmət"ə, qeydiyyat şöbəsinə müraciət etmişəm. Xəstəxanadan arayış alıb, Qəbələ rayon məhkəməsinə vermişdim. Oradan da bildiriblər ki, iş inzibati məhkəməyə göndərilməlidir. Deməyim odur ki, xəstəxana öz səhvi ilə maraqlanmır. Fəhlə adamam. Yollarda qalmışam. Getməyim bir kənara, elə bir münasibət göstərirlər ki, sanki günah mənimdir. Əslində mən onları yox, onlar məni axtarmalıdırlar".

Xəstəxananın Baş həkimi Sabir Bayramov isə Trend-ə açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, TƏBİB-ə müraciət olunub və qısa zamanda problem həllini tapacaq:

"Vətəndaşı qəbul edib, proseduru ətraflı izah etmişik. Təsadüfən şəxsiyyət vəsiqəsinin seriya nömrəsində bir rəqəmi səhv yazıblar və belə bir hal yaşanıb. Bunlar hamısı həyatda olan şeydir. Şükür ki, ölüm-itim olmayıb, avtomobil qəzası yaşanmayıb, ildırım vurmayıb. Vətəndaşa arayış verilib və məhkəməyə təqdim etməsi bildirilib. Proses həm də TƏBİB-in diqqətindədir. Həll olunacaq".

"ASAN xidmət" mərkəzindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, vətəndaş bunun üçün "ASAN xidmət" mərkəzinə yox, Ədliyyə Nazirliyinin regional idarəsinə müraciət etməlidir.