Azərbaycanın hərbi müttəfiqləri sırasına yeni ölkələr qoşulacaq


Siyasət 13 Sen 2021 12:27:00 163 0

Azərbaycanın hərbi müttəfiqləri sırasına yeni ölkələr qoşulacaq

"İstər Türkiyə ilə Laçında hərbi təlimlərin keçirilməsi, istər artıq bu günlərdə başlamış olan "Üç qardaş - 2021" təlimi olsun, - bunlar strateji, operativ və taktiki səviyyədə bir-biri ilə bağlı məsələlərdir".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

O bildirib ki, Laçında xüsusi təyinatlılarımızın Türkiyə ilə birgə təlimləri pis niyyətli "müttəfiqlərimizə" bir mesaj idi:

"Strateji səviyyədə işğaldan azad olunmuş torpaqlarımızda tez bir zamanda infrastrukturun yaxşılaşdırılması, logistik məsələlərin öz həllini tapması və ən son olaraq Füzulidə hava limanının açılması artıq Azərbaycanın təhlükəsizliyini ciddi mənada təmin etməyə imkan verir. Məhz bununla yanaşı Laçında xüsusi təyinatlılarımızın Türkiyə ilə birgə təlimlər keçirməsi regionda pis niyyəti olan "müttəfiqlərimizə" lazımı mesajların verilməsi deməkdir. 

Bunun da davamında yenə eyni şəkildə Türkiyə, Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təliminin keçirilməsi o deməkdir ki, bəli, Azərbaycan bu gün regionda sülhü istəməsi ilə yanaşı sülhü təmin də biləcək ölkələr sırasındadır və bu sülhün təmin olunmasında regiondan kənar müttəfiqləri ilə bərabər, - başlanğıc üçün Türkiyə və Pakistanla bərabər bir sıra tədbirlərin keçirilməsi və lazım olduqda təhlükəsizlik məqsədilə qarşılıqlı dəstək imkanlarının olması nümunəsidir. Bundan sonra Azərbaycanın bu müttəfiqləri sırasına yəqin ki, daha da fərqli ölkələr qoşulacaq.

Bu cür ardıcıl silsilə tədbirlərin keçirilməsi və sırf ordu quruculuğunda nəzərə alınması əsaslı olaraq Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunmasına ciddi bir şərait yaradacaqdır".

Təhməz Əsədov Son.az