Bu evlərə "kupça" vermək mümkün olmayacaq
Digərləri 13 Sen 2021 11:28:00 129 0
Sənədsiz evlərə əmlak çıxarışlarının verilməsi ilə bağlı qərar verilsə, Bakı və Abşerondakı tikililərin 30 faizi müvafiq imtiyazdan kənarda qalacaq.
Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, sənədsiz evlər problemi artıq uzun illərdir davam edir və qeyri-rəsmi rəqəmlərə görə, Bakı və Abşeron ərazisində 500 minə yaxın çıxarışsız fərdi həyət evi var:
"Bu evlərə çıxarış verilməsi üçün ilk növbədə torpağın təyinatı dəyişməlidir. Artıq insanlarda bu barədə qorxu var. Çünki inamla yanaşırdılar ki, bu evlər sənədləşəcək. Amma nəinki 30 il, hətta daha əvvələ aid tikililərə belə sənəd verilməyib. Məsələn, Bakının Yasamal rayonunda "Alatava", "Papanin", "Köhnə Sovetski" ərazilərində çıxarış yoxdur. Buradakı evlərin yaşı bəlkə də 80-100 ilə bərabərdir. Buna baxmayaraq, çıxarış verilmir. Lakin qanunvericilikdə belə bir müddəa var ki, əgər bir vətəndaş bir mənzildə 30 il yaşayırsa, 30 il ərzində həmin mənzilə iddiaçı çıxmayıbsa və orada yaşamasını sübut edən amillər varsa, vətəndaş bu minvalla həmin evə çıxarış ala bilər".
Ekspert çıxarışların verilməsinin üstünlüklərindən də danışıb. Bildirib ki, bu, həm vətəndaşın, həm də dövlətin xeyrinə olacaq: "Çıxarışlı mənzillərin alqı-satqısı zamanı hər kvadratmetrə görə dövlətə vergi ödənilir. Amma bu gün ən çox əmlak satışı çıxarışsız həyət evləri üzərindən aparılır. Çünki burada qiymətlər çıxarışlı mənzillərlə müqayisədə çox aşağıdır. Həmçinin, yeni binalara da çıxarışlar uzun illərdən sonra verilir. Həmin vaxt ərzində isə bu mənzillər demək olar ki, 4-5 dəfə alınıb-satılır. Lakin çıxarışın olmaması səbəbindən dövlət bu alqı-satqıdan da yararlana bilmir. Əgər sənədlər vaxtında verilsə və digər həyət evləri də sənədləşdirilsə, dövlət büdcəsinə kifayət qədər böyük vəsait daxil ola bilər".