Uşaq vaxtı düzgün qidalanmamaq gələcəkdə çox ciddi xəstəliklərə səbəb olur


Digərləri 12 Sen 2021 23:57:00 137 0

Uşaq vaxtı düzgün qidalanmamaq gələcəkdə çox ciddi xəstəliklərə səbəb olur

Balanslı, ekoloji cəhətdən təmiz və faydalı qidalanma olmadan uşağın düzgün inkişafı mümkün deyil. Mütəxəssislər uşaq vaxtı düzgün qidalanmamağın gələcəkdə çox ciddi xəstəliklərə səbəb olduğunu söyləyirlər. Vitamin, antioksidant və mikroelementlərin çatışmadığı, karbohidrat və yağların çox olması, bol ədviyyat və zərərli əlavələr uşağın inkişafına mənfi təsir göstərir.

Qida mütəxəssisləri uşağın orqanizmi üçün ən təhlükəli məhsulların siyahısını tərtib ediblər. Son.az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-pediatr Məlahət Qasımova deyib: "Yağlar, karbohidratlar, kansoregenlər, rəng və dadvericilərlə zəngin olan çipsilər insult və infarkt riskini artırır. Çipsilər, həmçinin damar xəstəlikləri, anemiya, hipertoniya, həzmin pozulması, qastrit və hətta xərçəngə səbəb ola bilər. Tərkibində aspartam və natrium benzoat olan şirin qazlı içkilər dad reseptorlarının həssaslığını dəyişməklə yanaşı, idarəolunmaz qəzəb, əsəb, depressiya və ya təlaşa səbəb ola, çox miqdarda qəbul edildikdə isə qida zəhərlənməsi və ürək problemlərinə aparıb çıxara bilər. Şaurma, fri kartofu və fastfudlar heç də uşaq yeməyi deyil. Kolbasa, sosiska və s. kimi hazır ət məhsullarının tərkibində olan fenol maddəsi yüksək toksiki xüsusiyyətlərə malikdir. Uşaq orqanizmi üçün digər bir zərərli qida marqarindir. Onun hazırlanması prosesində duru yağların emal olunması zamanı kimyəvi reaksiyalar nəticəsində ziyanı hamıya məlum olan transpiylər əmələ gəlir. Transpiylər isə uşaq üçün yalnız təmiz halında deyil, həm də qastronomik təamlar - pirojna, tort, qat-qat xəmir və kremlərin tərkibində də təhlükəlidir".

Həkim-pediatr uşaq orqanizmi üçün zərərli olan digər qida məhsullarını da göstərib: "Tərkibində natrium qlütamat olan qidalar, şokolad batonlar, qəhvə və energetik içkilər, saqqız, rəngli jele və marmelad, mayonez və ketçupun da tərkibində ziyanlı maddələr çoxdur. Valideynlər öz övladlarını mümkün qədər həmin qidalardan uzaq tutmağa çalışmalıdırlar".