İmam Cəfər Sadiq ehsanın gizlinləri barədə


Digərləri 11 Sen 2021 20:45:00 129 0

İmam Cəfər Sadiq ehsanın gizlinləri barədə

Məsum İmamlarımızın 6-cı ulduzu olan Həzrət İmam Cəfər Sadiq (ə) Rəbiüll-əvvəlin 17-si 83-cü hicri ilində dünyaya gəlmişdir. Atası İmam Baqir (ə), anası isə Ümmi Fərvədir. Həzrətin künyəsi Əbu Abdullah, ləqəbi isə Sadiqdir. Həzrət Sadiq (ə) 12 yaşına qədər əziz babası, Kərbəla qəhrəmanı İmam Səccadı (ə) görmüşdür. Həzrətin (ə) tərbiyəsi babası İmam Səccadın (ə) himayəsi altında həyata keçmişdir. Babası şəhid olduqdan sonra atası İmam Baqirin (ə) xidmətində olur. Babasından sonra həyatının daha 19 ilini atası ilə keçirir və 31 yaşınadək onun sonsuz elm dənizindən bəhrələnir. (Tebyan)

Əziz atası şəhid olduqdan sonra 34 il imamətlik edir və Cəfəri məktəbinin bünövrəsini qoyur, Muhəmməd (s) dinini dirçəldir və onu təbliğ edir.

İmam Sadiqin (ə) dövründə beş Üməyyə xəlifəsi hakimiyyəti qəsb edib. İmamın (ə) zamanında iki Abbası xəlifəsi hökuməti ələ keçirir və zülm etməkdə Əməviləri belə keçirlər. Ona görə də İmam (ə) ömrünün son on ilini çox narahat və əziyyət içində keçirdir. Hicrətin 148-ci ilində 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsur Dəvəniqinin təhriki ilə zəhərləndirilərək, şəhid edilmişdir. İmamın (ə) mübarək məzarı Mədinədə, Bəqi qəbiristanlığında yerləşir.

Bu gün İslam mənbələrində ən çox rast gəlinən hədislərin müəllifi İmam Sadiqdir (ə). Ona görə də Əhli-beyt (ə) məktəbini Cəfəri məktəbi də adlandırırlar.

İmam Sadiq (ə) əziz atası kimi gözəl əxlaqi sifətlərə malik idi. İlahi nurla dolu qəlbə və səxavətə malik idi. Əcdadları kimi həmişə yoxsulların əlindən tutmuş və infaq etmişdir. Hikmət və elmi geniş idi və gözəl natiq idi.

O, çox təvazökar bir insan idi. Hicazın isti havasında beli əlinə alar və öz tarlasından əkin əkərdi. Buyurardı: "Əgər Allahımla bu halda görüşsəm, xoşbəxt olaram. Çünki əllərimin zəhməti və alın tərimlə özümün və ailəmin məişətini təmin edirəm".

Malik nəql edir: "Mən onunla bir yerdə həccə getmişdim. Dəvəsi ehram məkanına çatanda halı dəyişdi. Az qala dəvədən yıxılmışdı. Nə qədər istədi "Ləbbeyk!" desin, səsi boğazında ilişib qalırdı. Ona dedim: "Ey Peyğəmbərin (s) oğlu! Çarəsiz gərək "Ləbbeyk!" deyəsiniz. Cavabımda buyurdu: "Necə cəsarət edib "Ləbbeyk" deyim ki, qorxuram Allah cavabımda deyər: "Lə Ləbbeyk"".

İmam Sadiq (ə) çox səxavətli insan idi. Öz gəlirinin bir hissəsini iki qardaş arasında olan münaqişəni həll etmək üçün təyin etmişdi. Onlar mal-dövlət üstündə dava edirdilər.