Bakı və Kiyev arasında Qardaşlaşma protokolu imzalanıb


Siyasət 11 Sen 2021 13:09:00 117 0

Bakı və Kiyev arasında Qardaşlaşma protokolu imzalanıb

Ötən gün Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb.

Son.az bildirir ki, Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, niyyət protokolunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar.

İmzalanma mərasimindən əvvəl çıxış edən Vitali Kliçko bildirib ki, Bakı olduqca surətlə inkişaf edir. Azərbaycan paytaxtında möhtəşəm layihələr həyata keçirilib:

"Biz Bakıda həyata keçirilən bəzi müasir layihələri öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam".

Kiyev şəhərinin meri vurğulayıb ki, imzalanan yeni niyyət protokolu iki dost şəhər arasında iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, yeni niyyət protokolu iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq: "Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir və biz bu səfər çərçivəsində bunun şahidi olduq".

Görüşdə iki şəhər arasında 1997-ci ildə imzalanmış əməkdaşlığa dair saziş əsasında mövcud qardaşlaşma əlaqələrinin daha genişləndirilməsi barədə qərar qəbul edilib və həmçinin Azərbaycanın ötən il düşmən üzərində qazandığı Şanlı Qələbə nəticəsində azad edilmiş torpaqlarda böyük sürətlə aparılan bərpa quruculuq işləri barədə məlumat verilib.

Görüşdə Kiyev meriyasına və Ukraynanın KİV nümayəndələrinə erməni millətçilərinin işğal altında olmuş ərazilərimizdə törətdikləri vandalizm faktlarını əks etdirən foto albomlar təqdim edilib.

İmzalanma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da iştirak edib.