Sülhməramlıların yeni komandanı Bakıya gələcək?


Siyasət 10 Sen 2021 13:40:00 137 0

Sülhməramlıların yeni komandanı Bakıya gələcək?

"Rüstəm Muradovun sülhməramlı kontingentin komandiri kimi 10 aylıq fəaliyyətinə nəzər yetirsək, burada bizi qane edən və etməyən faktların olduğunu görə bilərik".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Mixail Kosobokov Azərbaycan müdafiə naziri ilə də görüşməlidir:

"Təbii ki, ilkin mərhələdə rusların sülhməramlı kimi Kəlbəcər, Ağdam və Laçının boşaldılması ilə bərabər Qubadlı və Zəngilanın bir çox kəndlərindən erməni silahlılarının təmizlənməsi və adıçəkilən ərazilərin Azərbaycana təhvil verilməsi təbii ki, Azərbaycanı qane edən faktlardan hesab olunur. Lakin sonrakı müddətdə sülhməramlıların özlərinə aid olmayan funksiyalara qoşulmaları, tikinti-inşaat işlərində iştirak etmələri, humanitar fəaliyyət üçün məhdudlaşmayan Laçın dəhlizindən qanunsuz giriş-çıxışlara şərait yaratmaları bəyanata zidd davranışları kimi yadda qaldı. 

Hesab edirəm ki, yeni təyin olunan Mixail Kosobokov Azərbaycan müdafiə naziri ilə də görüşməlidir. Çünki Rusiya sülhməramlıları kontingentinin fəaliyyət göstərdiyi əraziləri Rusiya birmənalı olaraq Azərbaycan ərazisi kimi tanıyıb. Belə olan halda bizim ərazilərdə fəaliyyət göstərən bir Rusiya rəsmisinin yeni vəzifəyə təyin olunduqdan sonra Azərbaycan tərəfi ilə görüşməməsi mümkün deyil. İstisna etmirəm ki, belə bir görüş olub, sadəcə Azərbaycan tərəfindən rəsmiləşdirilməyib. Bu da mümkündür. 

Azərbaycan sülhməramlı kontingentdən öz fəaliyyətlərini üç ölkə arasında imzalanan birgə bəyanatın şərtlərinə uyğun olaraq yerinə yetirilməsində israrlıdır".   

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarov və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.

Təhməz Əsədov Son.az