Peşəkarlıq, yoxsa peşəyə karlıq?


Digərləri 09 Sen 2021 17:54:00 130 0

Peşəkarlıq, yoxsa peşəyə karlıq?

Bizdə niyə peşəkar jurnalist yoxdur? Niyə bu sahədə müzakirələr aparılanda daha çox xarici jurnalistlər nümunə çəkilir, onların peşəkarlığı önə çəkilir? Qəbul etməliyik ki, bu və buna bənzər suallara cavab illər uzunudur ki, tapılmır. Günümüzün realllığı odur ki, bu sahədə ciddi problemlər var və onu geniş şəkildə qabartmaq gərəkdir.

Keçirilən mətbuat konfranslarında, brifinqlərdə də peşəkarlıq məsələsini aydın görmək olur. Adi tamaşaçı, yaxud oxucu da aydın görür ki, problem jurnalistlərin səslənən suallarının keyfiyyətcə aşağı olması, müsahibə aldığı şəxsin verəcəyi cavaba qulaq asmamasındadır. Geniş oxucu, tamaşaçını maraqlandıran məsələlər qalır bir kənarda. Səslənən suallar populist, sosial şəbəkələrdəki "obıvatel" şərhlərini xatırladır. Bu brifinq və mətbuat konfransları daha çox məmur-jurnalist münasibətləri kontekstində nəzərdən keçirilməli, məsələyə bu cür yanaşılmalıdır. Bəli, qeyd olunmalıdır ki, jurnalist məmura hansı suallar verilməli olduğunu bilmir, brifinq və ya müsahibələrdə hazırlıqsız olur, mövzu ilə bağlı bilgisi adi vətəndaşın bilgisindən fərqlənmir. Ona görə də suallar primitiv, qeyri-peşəkar olur, qarşı tərəfə problemi kompleks açmasına şərait yaratmır. Ən ciddi problemlərdən biri də, sözsüz ki, jurnalistlərin ixtisaslaşması məsələsidir. Tədbirlərə jurnalistləri göndərən redaktor və rəhbərlər onları əvvəlcədən məlumatlandırmalı, müzakirə aparmalıdır.

Bu gün ən ciddi məsələlərdən biri də, Azərbaycanda xəbər saytları çox olsa da, analitika, təhlil xarakterli yazıların az olmasıdır. Əsas səbəb - ölkədə jurnalistlərin peşəkarlığı, hazırlıq səviyyəsi olduqca aşağı olmasıdır. Nə redaksiyalar jurnalistdən peşəkarlıq tələb edir, nə də jurnalist özü üzərində işləmir. Mediadakı çoxsaylı yanlışlıqlar, dezinformasiyalar, konteksdən çıxarılmalar və s. də məhz bundan irəli gəlir.

Kamran Seyidov Son.az