Azərbaycan mediasının əsl problemi nədir?


Digərləri 09 Sen 2021 16:58:00 90 0

Azərbaycan mediasının əsl problemi nədir?

Azərbaycan mediasında problemlər kifayət qədərdir. Və onların çoxu məhz insan faktoru ilə bağlıdır.

Media sahəsində işləyənlərin hamısı peşəkar deyil. Qeyri-peşəkarlıq bütün sahələrdə var, amma media sahəsindəki problemlər daha çox nəzərə çarpır və daha çox problemlərə gətirə bilər. Məsələn, brifinq keçirilir, "obıvatel" səviyyəsində qeyri-peşəkar suallar səsləndirilir və verilən cavablar elə təqdim olunur ki, cəmiyyətdə çaşqınlıq yaranır. Bəzi media təmsilçiləri işinə çox həssas yanaşmırlar və tədbirlərə, müsahibələrə hazırlıqsız gəlirlər. Nəticədə jurnalistikanın əsas prinsipi - düzgün informasiya ötürülməsi işləmir və cəmiyyətə səhv məlumatlar verilir.

Bəzi jurnalistlərin dünya gorüşləri istənilən səviyyədə deyil. Onlar öz üzərində işləmirlər, redaksiyalar isə bunu tələb etmir - nəticədə yenə insan faktoru bu sahədə durğunluq yaradır. Redaksiyalarda jurnalistlərdən əsl iş, yəni təhlillər, maraqlı müsahibələr tələb olunmur, əvəzində məcbur edilir ki, hansısa şou təmsilçiləri arasında süni qalmaqal yaransın və bu heç kimə fayda verməyən məlumatlar şişirdilmiş başlıqlarla oxucuya təqdim olunur. Publisistika, oçerk, hadisə jurnalistikası, reportyorluq, esse, novella, analitika, təhlillər unudulub, savaş jurnalistikası yox səviyyəsindədir, yerini İP arxasınca qaçış, qeyri-peşəkarlıq tutub. Bəzi media təmsilçiləri oxucunun diqqətini cəlb etmək üçün yeni üsul kəşf ediblər. Xırda media orqanı hansısa məşhur insanın ölüm xəbərini yayır və digər çoxsaylı KİV-lər məlumatı dəqiqləşdirmədən copy-paste edib yayır. Jurnalistika bu deyil. Əgər hansısa vacib xəbəri jurnalist əldə edirsə, onu mütləq yoxlamalıdır, dəqiqləşdiməlidir. Amma xəbər yayılır, təkzib olunur və nəticədə cəmiyyətdə mediayaya inam ölür.

Jurnalistlərin çoxusu rus, ingilis və digər dilləri bilmir - bu da insan faktoru ilə bağlıdır, çünki media nümayəndələri öz üzərində daimi işləməlidir, hər gün yeni bilgi əldə eməlidir.

Aydındır ki, mediamızda hələ də formalaşma dövrü bitməyib. Amma bu proses mütləq şəkildə sürətlənməlidir. Media sahəsinə dövlət böyük dəstək göstərir, müəyyən maliyyə dəstəyi edir. Yeni yaranan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən mediamızın inkişafı üçün böyük işlər görülür. Amma dəyişmək istəməynlər öz işindədir.

Cəmiyyətin sosial çağırışı yenilənmiş yeni mediadir. Bu istiqamətdə də mütləq yaxın gələcəkdə təxirəsalınmaz addımlar atılmalıdır.

Aslan Məmmədov Son.az