Həkimcərrah: Fiziki məşq, sağlam qidalanma və normal çəki xərçəng riskini azaldır


Digərləri 06 Sen 2021 23:39:00 111 0

Həkimcərrah: Fiziki məşq, sağlam qidalanma və normal çəki xərçəng riskini azaldır

Dünyada hər il 9,6 milyon nəfər xərçəng xəstəliyindən həyatını itirir. Xərçəngin erkən aşkarlanması və vaxtında müalicəsi nəticəsində hər il 3,7 milyon xəstənin həyatını xilas etmək olar. Müasir dövrdə xərçəng xəstəliyi haqqında məlumatlar əvvəlkindən daha çoxdur. Daha çox məlumatlılıq nəticəsində risk faktorlarını azalda və düzgün müalicə üsulu ilə xəstələri sağaltmaq mümkündür. Elmi araşdırmalara əsasən, xərçəngin qarşısını hətta xəstəlik meydana gəlməzdən əvvəl də almaq olar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ümumi cərrah Rəşad Əkbərli məlumat verib.

Həkim-cərrah bildirib: "Xərçəng xəstəliyindən ehtiyat etməkdənsə, gündəlik həyatda onu əmələ gətirən riskləri azaltmaq lazımdır. Məsələn, siqaret çəkmək, piylənmə, fiziki hərəkətsizlik, infeksiyalar, spirtli içki, ətraf mühitin çirklənməsi, bəzi qidalar və radiasiya xərçəng yaradan başlıca səbəblərdəndir. Hər il siqaret istifadəçilərinin 6 milyonu xərçəngə tutulmaq nəticəsində həyatını itirir. Tütünün tərkibində 7 mindən çox kimyəvi, 25 -dən çox zərərli maddə var".

R.Əkbərli, həmçinin xərçəngi əmələ gətirən bır sıra səbəblər barədə də danışıb: "Ağciyər, yemək borusu, qırtlaq, ağız boşluğu, böyrək, mədəaltı vəzi, mədə və uşaqlıq boynu xərçəngi tütün istifadəçiləri arasında daha geniş yayılıb. Xərçəngin piylənmə nəticəsində yaranan növlərinə isə qida borusu, yoğun bağırsaq, süd vəzi, uşaqlıq boynu və böyrək xərçəngləri daxildir. Alkoqoldan mütəmadi istifadə ağız boşluğu, qida və nəfəs borusu, qaraciyər, yoğun bağırsaq və süd vəzi xərçənglərini yaranmasına səbəb olur. Helikobakter pilori, HPV, Hepatit B və C, EBV infeksiyalarına yoluxduqdan sonra yaranan xərçəng halları təxminən 15 faizdir. Radiasiyanın səbəb olduğu xərçəng növləri isə qan xərçəngi və bərk şişlərdir. Xüsusilə ultrabənövşəyi şüalanma dəri xərçəngi riskini artırır. Nəzərə almaq lazımdır ki, fiziki məşq, sağlam qidalanma və normal çəki xərçəng riskini azaldır. Xərçənglə mübarizədə xəstəliyin profilaktikası və erkən diaqnostikası vacib faktorlardır".