Qarabağda Rusiyanın məramlı oyunu


Siyasət 06 Sen 2021 09:59:00 174 0

Qarabağda Rusiyanın məramlı oyunu

Bəlli olduğu kimi, 44  günlük Zəfər Müharibəsinin müvəqqəti yekunu 10 noyabr Üçtərəfli razılaşmasının imzalanması ilə nəticələndi. Bu razılaşmanın əsas şərtlərindən biri də Rusiya sülhməramlı qüvvələrin Qarabağda müvəqqəti yerləşməsini nəzərdə tutur. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər. Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, missiya dəfələrlə öz işini "unudaraq" əldə olunan sazişin şərtlərtini kobud şəkildə pozurlar.

Erməni quldur dəstələrinin Şuşa şəhərini atəşə tutması buna bariz nümunədir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin intensiv atəşə tutulması qəbuledilməz bir hadisədir. Lakin Rusiya sülhməramlıları isə yenə hadisədən sanki xəbərsizmiş kimi susur. Ən qəribəsi odur ki, hadisə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş verir. Və bu, ilk belə hal deyil.

Qanunsuz erməni silahlı dəstələri Qarabağda hələ də fəaliyyət göstərir və göz görə-görə Rusiya sülhməramlıları buna şərait yaradır. Məsələyə real yanaşmaq lazımdır və sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən Şuşa istiqamətində yerləşən bölmələrimizə atəş açılır. Bu atəşi açanlar da yenə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində məskunlaşan qanunsuz erməni silahlı dəstələridir. Bu, bir daha ondan xəbər verir ki, Rusiya sülhməramlıları 10 noyabr bəyanatının tələblərinə riayət etmir. Əvvəla, ona görə ki, 10 noyabr bəyanatına görə, Qarabağda heç bir qanunsuz silahlı dəstə fəaliyyət göstərə bilməz.

Bu istiqamətdə Rusiya sülhməramlılarının gətirəcəyi heç bir bəhanə məqbul sayıla bilməz. Xankəndi və ətrafı elə də böyük bir ərazi deyil ki, sülhməramlılar buradakı qanunsuz silahlı birləşmələri zərərsizləşdirə bilməsin. Digər tərəfdən, erməni silahlı dəstələrinin açdığı atəş mədəniyyət paytaxtımız olan Şuşayadır. Və qanunsuz erməni silahlı bölmələrinin bu və bu kimi bütün əməllərinin cavabdehliyini Rusiya sülhməramlıları daşıyır.

Kamran Seyidov Son.az