Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə


Siyasət 05 Sen 2021 10:10:00 177 0

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə

"Reallıq ondan ibarətdir ki, Azərbaycan tərəfi məcbur edir ki, Ermənistan rəhbərliyi post-münaqişə reallıqları ilə barışsın".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, yaxın aylarda sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə və Ermənistanla sərhəddə gərginlik azalmayacaq:

"Heç bir erməni rəhbəri Qarabağın dağlıq hissəsinə, yəni Rusiya sülhməramlı missiyasının hazırda müvəqqəti nəzarət etdiyi bölgəyə səfər etməyib. Bu da ondan xəbər verir ki, bu insanlar post-münaqişə reallığını yaxşı dərk edirlər, sadəcə olaraq öz xalqına onu olduğu kimi izah edə bilmirlər və yaxud istəmirlər. 

O ki qaldı Paşinyanın səsləndirdiyi "Bu gün "arsax" yaralıdır, amma israrlıdır və erməni xalqının tam dəstəyinə malikdir. Ermənilər "arsax"ın "azadlığı" uğrunda mübarizədə ölənləri xatırlayır və qarşılarında baş əyirlər. "Arsax xalqı"nın öz müqəddəratını təyin etmək haqqı müqəddəsdir və o, güc tətbiqi yolu ilə dayandırıla bilməz. Buna görə biz bütün beynəlxalq platformalarda deyirik ki, "Dağlıq Qarabağ münaqişəsi" həll edilməyib. Bunu hətta həmsədr ölkələrin bəyanatları da təsdiq edir" bəyanatına, təəssüflər olsun ki, bu insanlar hələ də o köhnə, revanşist fikirlərlə yaşayırlar. Çünki bunların əsas ali məqsədi, - necə ki, bunu özləri hər dəfə bəyan edirlər, - Qarabağın dağlıq hissəsində qondarma rejimi bərpa etmək və bu rejimin beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır. Yəni köhnə siyasi gündəliyi indiki reallıqlara gətirmək istəyirlər. Bu da əslində təhlükəlidir. Ən təhlükəli məsələ də ondan ibarətdir ki, hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni silahlı qüvvələrinin törtöküntüləri var. Onlar ara-sıra bizə problemlər yaradırlar və onlar Rusiya sülhməramlılarının arxasında gizlənərək burada destruktiv fəaliyyətlə məşğuldurlar. Təəssüflər olsun ki, Rusiya sülhməramlıları amilinə arxalanaraq Paşinyan və Ermənistanın köhnə siyasi rəhbərliyi bu cür destruktiv, pozucu bəyanatlarla çıxış edirlər. Lakin elə Prezidentimiz də dəfələrlə bəyan edib ki, əgər Ermənistanın destruktiv siyasəti davam etsə, biz də müvafiq addımlar atmağa məcbur olacağıq, dəmir yumruq yerindədir. 

O biri tərəfdən də demək lazımdır ki, son hadisələr onu göstərir ki, Azərbaycan Ordusunun addımları çox cəsarətli və uğurlu olub. Biz erməni silahlı birləşmələrinin o tör-töküntülərini susdura bilirik. Bizim üçün burada heç bir maneə yoxdur. Onlara başa salmaq istəyirik ki, heç kəsin arxasında gizlənməsinlər, çünki Azərbaycan tərəfi layiqli cavab vermək iqtidarındadır və çəkinmir. 

Vəziyyət mürəkkəb olaraq qalır. Mən düşünürəm ki, yaxın aylarda təəssüf ki, bu gərginlik azalmayacaq. Lakin ümidimiz var ki, birgə səylər nəticəsində, eyni zamanda müəyyən təzyiqlər nəticəsində erməni tərəf öz destruktiv siyasətindən əl çəkəcək və yaxud da əl çəkməyə məcbur olacaq və beləliklə, proseslər normal məcraya yönələcək".

Təhməz Əsədov Son.az