Azərbaycan Laçın dəhlizində sərhəd məntəqəsi qura bilər


Siyasət 05 Sen 2021 09:58:00 180 0

Azərbaycan Laçın dəhlizində sərhəd məntəqəsi qura bilər

"Ermənistanın güzəştli kapitulyasiya aktına imza atması məsələni həqiqətən də dalana dirəyib".

Bunu Son.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Ekspert bildirib ki, gündən-günə geriyə gedən, tənəzzülə uğrayan, ac-səfalət içində yaşayan ermənilərin Azərbaycana inteqrasiya etmək meyilləri güclənəcək:

"Söhbət ondan gedir ki, Ermənistanın mövqeyi Minsk Qrupunun həmsədri olan hər 3 dövlətin mövqeyi ilə üst-üstə düşür. Nəticə etibarilə Azərbaycandan, Türkiyədən və sözsüz ki, bizə müttəfiq dövlətlərdən başqa bir çox dövlətlər "status" məsələsinin həllini tələb edir. Azərbaycan üçün status Prezident İlham Əliyev demişkən gorbagor olub, cəhənnəmə gedib. Ancaq bu prosesin həll olunması üçün beynəlxalq mandatı olan dövlətlər isə "statusun" həll olunmadığını deyirlər. Belə bir şəraitdə Azərbaycanın yenidən hərbi əməliyyatlar keçirməsi mümkünsüzdür. Ona görə ki, orada Rusiyanın hərbi kontingenti var və bu, bizlə Rusiya arasında müəyyən probləml yarada bilər. Düşünürəm ki, belə olan şəraitdə biz ancaq oradan Rusiya hərbi kontingentinin çıxacağı dövrə qədər Ermənistan dövlətinə Qarabağ ərazisində hər hansı bir zor tətbiq etməkdən məhrumuq. 

O sarıdan Azərbaycan tərəfi iqtisadi inkişaf, regionu iqtisadi baxımdan inkişaf etdirmək yolu ilə Qarabağı özünə qaytarmağa cəhd edir. Orada iş yerləri açmaqla, azad olunmuş ərazilərə qaçqınları, məcburi köçkünləri köçürməklə, yəni oranı maksimal şəkildə inkişaf etdirməklə. İnkişaf etmiş Azərbaycanın idarə etdiyi Qarabağın fonunda gündən-günə geriyə gedən, tənəzzülə uğrayan, ac-səfalət içində yaşayan ermənilərin Azərbaycana inteqrasiya etmək meyilləri güclənəcək. Yəni Azərbaycan bu yolu tutub. Hazırda bizim Qarabağda güc yolu ilə ermənilərə nəyisə diqtə etmək imkanlarımız məhduddur. 

İnanmıram ki, Azərbaycan Rusiya hərbi kontingentinə zərər gətirə biləcək hər hansı bir fiziki güc tətbiq etsin. Bu danışıqlar prosesi uzanacaq. Rusiya sülhməramlı qüvvələri orada olduğu müddətdə Ermənistanla Azərbaycan arasında Rusiyanın moderatorlugu ilə ancaq danışıqlar davam edəcək. Bu danışıqların nəyisə dəyişməsinə məndə şübhələr var. Düşünürəm ki, Azərbaycanın bu 5 illikdə əldə edə biləcəyi ən böyük uğur Laçın dəhlizində Azərbaycanın nəzarət sərhəd məntəqəsinin təmin olunması ola bilər və sözsüz ki, həmin ərazidən erməni yaraqlılarının çıxarılması ola bilər. Amma erməni separatçılarından ibarət qondarma hökümətin ləğv olunması, Azərbaycanın Ağdərəyə, Xocalıya, yaxud da Xankəndinə icra hakimləri təyin etməsi kimi məsələləri mən bu 5 illikdə görmürəm. Buna inamım azdır. Bizim bu zaman ərzində əldə edə biləcəyimiz ən böyük uğur ərazi bütövlüyümüzü tam nəzarət altına almaq üçün Laçın dəhlizində sərhəd məntəqəmizi qurmaq olar. Düşünürəm ki, Azərbaycan diplomatiyası bu 5 il ərzində bu uğuru əldə edə bilər". 

Təhməz Əsədov Son.az