Arvadı və qızının ölümünə səbəb olduğu iddia edilən kişi danışdı


Digərləri 02 Sen 2021 14:50:00 207 0

Arvadı və qızının ölümünə səbəb olduğu iddia edilən kişi danışdı

Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev açıqlama verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Niftəliyev həmin iddiaların yalan olduğunu deyir. Onun sözlərinə görə, ona qarşı səsləndirilən iddialar bir-biri ilə uyğun gəlmir: 

"Əgər Tahirənin qatiliyəmsə, mənə ən ağır söyüşlər söyün. Mənim balam ölüb, bu gün onun qanı üçün savaşıram, yaşamağa çox da meylim qalmayıb.

İddialar da tez-tez dəyişilir, gah 2-ci, gah 3-cü mərtəbədən, gah da damdan atıldığı deyilir. Sözlər belə bir-birini tutmur. Bunlar hamısı istintaq prosesidir. Əgər həqiqətən balamın qatili mənəmsə, Badamdarda qalıram, gəlin evimi daş-qalaq edin".

Daha sonra R. Niftəliyev şəxsi instaqram hesabında hadisə ilə bağlı daha bir açıqlama verəcəyini anons edib: "Bu gün İlkin, Ceyhun, Orxan Süleymanovun və Mehriban Süleymanovanın haqqımda yaydıqları yalan uşaq cinayəti ilə bağlı açıqlama verəcəyəm. Əlimdə sübutlarım da var".

Xatırladaq ki, rəsmi məlumata görə, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər. 

Aytən Niftəliyevanın ailəsi isə hadisəni intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham edir. A.Niftəliyevanın anası Mehriban Süleymanova kürəkəninin qızını mütəmadi döydüyünü və ölümünə səbəb olduğunu bildirib.

Son.az