Ermənilərin heç zaman dövlətçilik ənənəsi olmayıb Alim


Siyasət 26 Avq 2021 15:52:00 204 0

Ermənilərin heç zaman dövlətçilik ənənəsi olmayıb  Alim

Son günlər Ermənistan parlamentində baş verən hadisələr ermənilər arasında geniş müzakirə olunur. Müxalifət və iqtidar təmsilçiləri arasında yaşanan insidentlər səbəbindən parlamentin iclasları iki dəfə təxirə salınıb. Deputatların davasına hətta təhlükəsizlik xidmətinin əməkdaşları da müdaxilə etməli olub.

Keçmiş müdafiə naziri olan deputat Seyran Ohanyanın hakim partiyadan olan həmkarı Ayk Sarkisyana çıxışı zamanı butulka atması isə hadisələri pik həddə çatdırıb. Hazırda ölkədə siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Parlamentdə yaşanan bu qarışıqlıqlar Ermənistanın yüksək dairələrində müzakirə mədəniyyətinin olmamasının göstəricisi hesab edilir.

Alim, Siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı baş verən bu hadisələri ermənilərdə heç zaman dövlətçilik mədəniyyətinin olmaması ilə əsaslandırır. Alim Trend-ə açıqlamasında bildirib ki, qədim və orta əsrlərdə erməni dövlətinin olması isə dırnaqarası erməni tarixçilərin uydurduğu nağıldan başqa bir şey deyil.

"Tarixən onların dövləti olmayıb. Müxtəlif knyazlıqlar, bəylərbəyliyi səviyyəsində hansısa dövlətin tərkibində yaşayıblar. Bir müddət Bizans imperiyası, sonra Böyük Səlcuq imperiyası, daha sonra da Osmanlı dövlətinə tabe olublar. Onlarda dövlətçiliyi əvəz edən qurum kilsə idi. Kilsə də hər zaman, xüsusən də XVII-XVIII əsrlərdən sonra millətçilik toxumu əkməyə başlayıb.

Ermənişünas alim qeyd edir ki, ermənilərdə dövlətçilik sənətinə baxış da formalaşmayıb. Elə indi də bu, özünü göstərir:

"Azərbaycanla müharibədə məğlub olandan sonra erməni cəmiyyətinin ən çox qorxduğu şey hazırkı dövlətin məhv olmasıdır. Son zamanlar parlamentdəki qarşıdurmalar da bununla əlaqəlidir. Azərbaycanın təzyiqləri qarşısında duruş gətirə bilməyən erməni dövlətçilik strukturu laxlayıb. Hazırda Ermənistanda siyasi böhran var və bu, gələcəkdə xaosa gətirib çıxara da bilər. İnanmıram ki, Paşinyan hakimiyyəti mövcud vəziyyəti toparlayıb, yenidən dövlət institutlarını formalaşdıra bilsin".

Q.Çaxmaqlı bildirib ki, Ermənistandakı şovinist əhval-ruhiyyə də bu böhranı dərinləşdirir. Onları kommunikasiyaların açılması, Azərbaycan və Türkiyə ilə inteqrasiya prosesləri deyil, başqa məsələlər maraqlandırır. Bu da Ermənistanı daha da uçuruma aparır".