Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 76cı ildönümü qeyd edilir


Dünya 15 Avq 2021 22:44:00 143 0

Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 76cı ildönümü qeyd edilir

Avqustun 15-də Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 76-cı ildönümü qeyd edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1945-ci il avqustun 15-də İmperator Şyovanın Yaponiyanın İkinci Dünya müharibəsində təslim olması barədə bəyanatı radio vasitəsilə səslənib.

Yaponiya hökuməti bu münasibətlə hər il Tokioda mərasim təşkil edir. Mərasimdə müharibə vaxtı həlak olan 3,1 milyon nəfərin xatirəsi anılır. Pandemiyaya qədər həmin mərasimə təqribən 6 min nəfər qatılırdı. Ötən il isə iştirakçıların sayı maksimum azaldılaraq 540 nəfərə endirilib. Cari ildə iştirakçıların sayının daha da azaldılacağı gözlənilir. Mərasimdə cəmi 200 nəfərin iştirak edəcəyi bildirilir. Bir çox prefekturalar mərasimdə iştirak üçün nümayəndələrin Tokioya göndərilməməsini qərara alıb.

Yerli vaxtla saat 12:00-da Baş nazirin təklifi ilə mərasimdə bir dəqiqəlik sükut elan ediləcək. Sonra İmperator Naruhito nitq söyləyəcək.

Bildirilir ki, mərasimə qatılan müharibə iştirakçılarının sayı ilbəil azalır. Müharibə vaxtı həlak olanların mərasimə qatılan qohumlarının dörddə üçünün yaşının 70-i keçdiyi qeyd edilir.

Gün ərzində bütün Yaponiya ərazisində müharibədə həlak olanların xatirəsinə və sülh arzularına həsr edilən tədbirlərin keçiriləcəyi gözlənilir.