Korona doğrudanmı sonsuzluq yaradır?


Digərləri 15 Avq 2021 06:07:00 184 0

Korona doğrudanmı sonsuzluq yaradır?

Dünyanı ağuşuna alan COVİD-19 virusu ilə bağlı yeni iddialar ortaya çıxıb. Pandemiya dövründə bu virusla bağlı çoxsaylı suallar yarandı, iddialar ortaya çıxdı. Onlardan bəzilərinin cavabı tapıldı, bəzilərinin isə yox... Əgər əvvəllər virusun müxtəlif daxili orqanlara zərər verdiyi haqda danışılırdısa, bu gün belə bir fikir səsləndirilir ki, COVİD-19 virusuna yoluxmuş şəxs sonsuzluq problemi ilə üzləşə bilər. Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib. Bu iddia ictimai narahatlıq yaradır. Bəs bunun bir əsası varmı?

Son.az xəbər verir ki, bu iddianın müəllifi Araz İbrahimov Musavat.com-a açıqlamasında Çin, ABŞ və Almaniyada aparılan araşdırmalar nəticəsində xəstəliyi orta və ağır dərəcədə keçirənlərin toxum analizlərində ciddi dəyişikliklər göründüyünü, daha dəqiq desək, hüceyrələrdə zəifləmə aşkarlandığını bildirib:

"Virus hüceyrələrə daxil olubsa, onları zədələyə bilir. Bu araşdırma sırf virusa yoluxmuş xəstələr üzərində aparılıb. Bu, o demək deyil ki, yoluxmuş şəxs övlad sahibi ola bilməz. Sadəcə, toxumalarda zəiflik müşahidə olunması mümkündür".

Uzman ginekoloq Rəşad Sultan isə bildirir ki, bu iddia müasir tibb elmi ilə sübuta əsaslanmalıdır. R.Sultan bildirdi ki, sonsuzluq müxtəlif səbəblərdən yarana biləcək geniş diaqnozdur. "Söhbət kişi, ya qadın sonsuzluğundan gedir? Öncə bu suallara cavab vermək lazımdır", - deyə həkim vurğulayıb:

"Qadın sonsuzluğundan söhbət gedirsə, hansı faktora diqqət etmək lazımdır - boru, yumurtalıq, yoxsa hormonal? Bu virus, yaxud ona qarşı edilən peyvənd konkret nəyə təsir edir? Virusun yumurtalığa birbaşa təsiri yoxdur. Yumurtalıq qarın boşluğunda əlçatmaz orqan olduğu üçün heç vaxt infeksiyaya məruz qalmır. Ancaq dolayı yolla yumurtalıq toxumasının allergik (autoimmun) zədələnməsi mümkündür. Olsa-olsa, bir tək bu mexanizmlə ola bilər. Bunu da etibarlı çalışmalarla sübut etmək lazımdır".Rəşad Sultan vurğulayıb ki, mütləq elmi tədqiqatlarla sübut edilmiş fikirlər səsləndirmək lazımdır. Əks halda, bu, fikir ayrılıqlarına, əhali arasında çaşqınlığa səbəb ola bilər.

Pediatr Günay Rəsulova COVİD-19-a yoluxmuş uşaqlarda ciddi fəsadların qeydə alınmadığını deyir:

"Uşaqlarda COVİD-19 infeksiyasına yoluxma halları əlbəttə ki, görülə bilir. Amma onlar bu xəstəliyi çox vaxt yüngül, ümumi qrip əlamətləri ilə keçirirlər. Hərarət, öskürək, burun axma və s. Qızdırma bir neçə gün davam edə bilər. Amma yan təsirlərindən birinin sonsuzluq olması cəfəngiyatdır. Pandemiya iki ildir başlayıb. Bu uşaq nə vaxt böyüdü, nə vaxt ailə qurdu ki, sonsuzluq olub-olmaması üzə çıxdı? Bu, dezinformasiyadır. Belə fəsad görülməyib. Sadəcə, virusa yoluxduqdan sonra post-covid sindromu yarana bilər. Bu zaman ürək və digər daxili orqanların damarlarının zədələnmə ehtimalı var. Başqa fəsadlar görülməyib".

Son.az