Fiziklər zirehin quruluşu əsasında yeni material yaradıblar: onun möhkəmliyi yük altında 25 dəfə artır


Digərləri 13 Avq 2021 22:08:00 114 0

Fiziklər zirehin quruluşu əsasında yeni material yaradıblar: onun möhkəmliyi yük altında 25 dəfə artır

Amerikalı fiziklər zirehə oxşayan material yaradıblar: onun möhkəmliyi yük altında təqribən 25 dəfə artır. Tədqiqatın nəticələri "Nature" elmi jurnalında dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların yazdığına görə, yeni material xüsusi yolla bir-birinə keçirilmiş, ikiqat və piramidaşəkilli hissəciklərdən ibarətdir. Hətta nisbətən kiçik xarici təzyiq zamanı bu parça adi vəziyyətlə müqayisədə təqribən 25 dəfə çox möhkəm olur.

Bir qayda olaraq, zireh metal halqalardan toxunmuş geyimdir. Halqalar ayrı-ayrılıqda zərbəyə dözə bilməz, lakin birləşmiş halda onlardan yaradılan zireh elastik, eyni zamanda, davamlı olub, onu geyinəni qılınc və nizənin müəyyən zərbələrindən, hətta oxdan qoruyub.

Kaliforniya Texnologiya İnstitutunun professoru Çiara Daraionun rəhbərliyi ilə fiziklər həmin konstruksiya əsasında material yaradıblar. Həmin material hörülmüş piramidaşəkilli hissəciklərdən ibarətdir: onların hər biri növbəti "halqa" zəncirinə 90 dərəcə bucaqda döndərilib. Hər hissəcik elastik və yüngül, eyni zamanda, davamlı olan yumşaq plastik materialdan ibarətdir.

Alimlərin müəyyən etdiyinə görə, bu cür piramidaşəkilli hissəciklərdən ibarət iki təbəqəni elə birləşdirmək olar ki, onların vəziyyətində və ya formasında çox cüzi dəyişiklik nəticəsində materialın halqaları yerini dəyişəcək və bir-birini sıxacaq. Beləliklə, bütün konstruksiyanın mexaniki möhkəmliyi dəfələrlə artacaq, materialın ölçüsü və digər xüsusiyyətləri isə cüzi dəyişəcək.