Antropoloqlar şimpanzedə insana xas ünsiyyət “etiketi” olduğunu müəyyənləşdiriblər


Digərləri 13 Avq 2021 21:35:00 140 0

Antropoloqlar şimpanzedə insana xas ünsiyyət “etiketi” olduğunu müəyyənləşdiriblər

Antropoloqlar müəyyənləşdiriblər ki, şimpanze mürəkkəb qeyri-verbal siqnallar vasitəsilə digər həmcinsləri ilə ünsiyyətə başlayır və ya ünsiyyəti başa çatdırır. "iScience" jurnalında bununla bağlı məqalədə qeyd olunur ki, əvvəllər bənzər "etiket"in yalnız insana aid olduğu hesab edilirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son illər ərzində alimlər vaxtilə yalnız insana aid edilmiş intellektual bacarıqların hazırda heyvanlar üçün tez-tez səciyyəvi olmasına dair çoxsaylı sübutlar tapıblar. Məsələn, Yeni Kaledoniya qarğaları əmək aləti düzəItməyi, ondan istifadə etməyi və öncədən effektivliyini qiymətləndirməyi bacarır. Şimpanze həmcinslərinin düşdüyü vəziyyəti qiymətləndirə və onlara yararlı alət verə bilir, göyərçinlər isə rudimentar hesab vərdişinə malikdir.

Tədqiqatın müəlliflərindən biri - Darem Universitetinin elmi işçisi Rafaela Hisen və onun həmkarları vaxtilə yalnız insana aid edilən daha bir xüsusiyyətin şimpanzedə olduğunu üzə çıxarıblar. Bu, cəmiyyətdə ünsiyyət "etiketi" və qaydaları ilə bağlıdır. Alimlər müəyyənləşdiriblər ki, meymunlar da mürəkkəb ünsiyyət qaydaları "tərtib edə bilər" və onlardan həmcinsləri ilə əlaqə zamanı istifadə edə bilər.

Yeni tədqiqat zamanı antropoloqlar San-Dieqo zooparkında şimpanze növlərindən biri olan bonoboların bir-biri ilə necə oynadığını müşahidə ediblər. Bu meymunlar bir-birilə tez-tez ünsiyyətdə olur, eyni vaxtda bir-birinin dərisini müxtəlif parazitlərdən təmizləyir. Bunun nəticəsində heyvanlar qrup daxilində sosial iyerarxiyanı saxlayır.

Alimlər diqqət yetiriblər ki, bu cür "kosmetik" prosedurlar volyer daxilində və xaricində təsadüfi hadisələr səbəbindən kifayət qədər tez-tez pozulub. Bu fasilələr həmişə hər iki meymun tərəfindən qeyri-adi jest və hərəkətlər ilə müşayiət olunub və ondan sonra primatlar ünsiyyətə davam ediblər.

Bonoboların bu hərəkətləri Hisenə böyüklərin balaca uşaqlarla oynamağı qəfil dayandırdığı zaman uşaqların onları fikrindən döndərmək üçün özlərini necə aparmalarını xatırladıb. Bu hərəkətlər arasında oxşarlıq olub-olmadığını başa düşmək üçün alimlər silsilə eksperimentlər apararaq adi və cırtdan şimpanzelərin davranışını müxtəlif vəziyyətlərdə müşahidə ediblər. İki və daha çox meymun arasında 1,2 mindən çox epizodu analiz edən alimlər müəyyənləşdiriblər ki, primatlar ünsiyyətə başlamazdan və ünsiyyəti qurtarmazdan əvvəl mürəkkəb hərəkətlər edib. Həmin hərəkətlərin xarakteri primatlar arasında tanışlığın səviyyəsindən asılı olaraq dəyişib. Məsələn, bir-birini yaxşı tanıyan, qrupda iyerarxiyanın eyni pilləsində olanlar salamlaşmağa və vidalaşmağa bir-birini tanımayan heyvanlara nisbətən daha az "rəsmi" münasibət və diqqət göstərib. Bu qanunauyğunluq adi şimpanzelər üçün əhəmiyyətli dərəcədə az səciyyəvi olub. Alimlər bunu qrupda sərt sosial iyerarxiya ilə əlaqələndirirlər.

Alimlər bu "etiket"in necə yarandığını, onun insanların ümumi əcdadı və ali primatlar üçün səciyyəvi olub-olmadığını hələ ki dəqiq söyləyə bilmirlər. Lakin faktın mövcudluğu göstərir ki, meymunlar bu yolla öz hərəkətlərini koordinasiya etməyi bacarır və mürəkkəbliyinə görə insan davranışının analoji formasından geri qalmayan mürəkkəb sosial qarşılıqlı əlaqələrdə iştirak edə bilir.