Xaçmaz və Xudatda növbəti dəfə dezinfeksiya işləri aparılıb


Digərləri 11 Avq 2021 11:33:00 155 0

Xaçmaz və Xudatda növbəti dəfə dezinfeksiya işləri aparılıb

Xaçmaz rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.

Son.az xəbər verir ki, rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.

Avqustun 11-də Xaçmaz və Xudat şəhərinin küçə və prospektləri, yaşayış binalarının ətrafı və insanların kompakt toplaşdığı başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə 1000-i ötüb.

Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazənin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.

Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.