Bu gün 11 mindən artıq abituriyent imtahan verəcək


Digərləri 11 Avq 2021 07:37:00 194 0

Bu gün 11 mindən artıq abituriyent imtahan verəcək

Avqustun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək.

Son.az DİM-in saytına istinadla avqustun 11-də keçiriləcək imtahanların siyahısını təqdim edir:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 53 imtahan binası, 892 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 53 ümumi imtahan rəhbəri, 147 imtahan rəhbəri, 1098 nəzarətçi-müəllim, 106 buraxılış rejimi əməkdaşı (mühafizə), 53 bina nümayəndəsi cəlb edilib.

İmtahanlarda ümumilikdə 11 min 552 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.