KTMT İrəvanın ümidinin üstündən xətt çəkdi


Siyasət 10 Avq 2021 17:55:00 137 0

KTMT İrəvanın ümidinin üstündən xətt çəkdi

"Stanislav Zasın Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşündə etdiyi açıqlamaları yüksək qiymətləndirirəm".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ermənistan yenə KTMT-yə üzv dövlətləri Azərbaycanla üz-üzə qoymaq istəyir:

"Zas İrəvanda təzyiqlə rastlaşdı. Bu təzyiq ondan xəbər verir ki, Ermənistan KTMT-nin mövqeyindən narahatdır. Görüş zamanı erməni nazir Karapetyan qeyd edib ki, Stanislav Zasın Ermənistana səfərini onlar mayda gözləyirdilər, amma gəlmədi. Yəni bu, bir mesaj idi ki, "narazıyıq, bizə dərhal reaksiya vermədiniz". Zas da onun bu açıqlamasına çox təmkinlə yanaşdı, dedi ki, "biz sərhəddəki vəziyyətdən narahatıq. Amma bu məsələni dioloq yolu ilə çözmək lazımdır". Yəni sülh eksperimentləri hələ tükənməyib. Bir növ KTMT baş katibi erməni nazirə mesaj verib ki, bu müharibəni başlamaq cəhdləriniz düzgün deyil. O, eyni zamanda Ermənistan hərbi-siyasi rəhbərliyinə demək istədi ki, sən bizim arxamızdan iş görə bilməzsən. Bilirik ki, Ermənistanın müharibə aparmağa nə imkanı var, nə cürəti var, nə də potensialı var. Ermənistanda ordu tamamilə darmadağın olub, ordu yoxdur. Hansı ordu Azərbaycanla müharibə aparacaq?! 

Ermənistan daha çox KTMT-ni qabağa vermək istəyir. Yəni "biz müharibəyə başlasaq, siz məcbur olub, gəlib bizi müdafiə etməlisiniz" kimi işarələr verir. Zas isə Karapetyanın açıqlamasına adekvat reaksiya verərək, "bu cür fikirlər əbəsdir və bu məsələdə bizə ümid bəsləməyin" mesajı verdi. Bu, birinci dəfə deyil, başqa vaxtlarda da Ermənistanın təxribatlarına KTMT-nin baş katibi bu şəkildə cavab verib. İndi İrəvan bunu üz-üzə görüşdə eşitmək istəyirdisə, onu da eşitdi". 

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə birldirib ki, "əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır". KTMT Baş katibi Stanislav Zas isə "Bakı və İrəvan sərhəddəki vəziyyəti dialoqla tənzimləyə bilər. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin siyasi yolla tənzimlənməsi imkanları tükənməyib. Əgər problemin həlli yollarından danışsaq, o zaman düşünürük ki, bu vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib, bu hər kəs üçün ən yaxşı variant olardı", - deyib.

Təhməz Əsədov Son.az