Bakıda pandemiyaya qarşı tədbirlər gücləndirildi


Digərləri 10 Avq 2021 10:02:00 122 0

Bakıda pandemiyaya qarşı tədbirlər gücləndirildi

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda pandemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. İlkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.

Həftə sonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılır.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.