Bu yay Fransaya 50 milyon turistin səfər edəcəyi gözlənilir


Dünya 02 Avq 2021 21:59:00 133 0

Bu yay Fransaya 50 milyon turistin səfər edəcəyi gözlənilir

Fransa bu yay 50 milyon turist gözləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Turizm məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan "Journal de Dimanche"a müsahibəsində deyib.

"Fransa bu yay Avropadan 50 milyon turist qəbul edəcəyinə ümid edir. Ancaq beynəlxalq turistlərin sayı hələ çox olmayacaq. Ölkəmiz ötən il 35 milyon, 2019-cu ildə isə 90 milyon turist qəbul edib. Bu baxımdan yay ümidlərlə doludur", - deyə J.-B. Lömuan ölkəyə gələn turistlərin daha çox Almaniyadan, Niderlanddan, Belçikadan olacağını qeyd edib. İngilis turistlərə gəlincə, 14 günlük ciddi karantin rejimi tətbiq olunduğu üçün onların sayının az olacağını deyib.

Fransanın dövlət katibi diqqətə çatdırıb ki, Amerikadan bir neçə turist gəlmsəinə baxmayaraq, digər qitələrdən, xüsusilə də Asiyadan Parisə gələn turistlər 2022-ci ili gözləməli olacaqlar. Qeyd edib ki, 2019-cu illə müqayisədə cari ilin sentyabr-dekabr ayları üçün daha çox sayda tədbirlər planlaşdırılıb. Ancaq tədbirlərdə nəzərdə tutulan stendlərin sahəsi 50 faiz azaldılacaq.

Vurğulayıb ki, fransızların əksəriyyəti yay tətilini ölkə daxilində keçirməli olacaqlar. 2020-ci ildə 94 faiz fransız yay tətilini ölkə daxilində keçirib, cari il üçün proqnoz 80 faiz olsa da, yəqin ki, COVID-19 epidemiyasının 4-cü dalğasının başlaması ilə bu rəqəm 85 faizə yüksələcək. Xaricdə olan fransızların ölkəyə gəlişi üçün sanitar pasport tələb olunacağı qeyd edilib.