Misirdə dünyanın ilahiyyatçı alimləri rəqəmsal dövrdə fətva mexanizmlərini müzakirə edirlər


Dünya 02 Avq 2021 21:40:00 188 0

Misirdə dünyanın ilahiyyatçı alimləri rəqəmsal dövrdə fətva mexanizmlərini müzakirə edirlər

Avqustun 2-də Qahirədə "Fətva evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri və əməkdaşlıq mexanizmləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin təşkilatçılığı ilə baş tutan tədbirin iştirakçıları Misir Prezidenti Əbdülfəttah əl-Sisinin qəbulunda olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə ölkəmizi Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin müşaviri, tədqiqatçı-alim Seymur Nəsirov təmsil edir. Beynəlxalq konfransda 85 ölkədən fətva evlərinin rəhbərləri, baş müftilər, nazirlər, ilahiyyatçı alimlər və ictimai xadimlər iştirak edirlər.

Tədbirdə çıxış edən Misirin baş müftisi Şovki İbrahim Əbdülkərim Əllam, Misirin dini vəqflər naziri Məhəmməd Muxtar Cuma, müxtəlif ölkələrdən gəlmiş dini liderlər İslam aləmində həmrəylik, islamafobiya ilə mübarizə və sair məsələlərdən söz açıblar.

Beynəlxalq konfransın panel iclaslarında fətva institutunun rəqəmsal texnologiyalar əsasında qurulması, İslam dünyasında fətva evlərinin statusunun və ictimaiyyət arasında nüfuzunun artırılması kimi aktual məsələlər müzakirə edilir. Tədbir çərçivəsində "Misirin fətva elmləri müəllimi" ensiklopediyasının təqdimatı keçirilib.