7 dil bilən 12 yaşlı məktəbli: "İlon Mask mənim idealımdır" MÜSAHİBƏ


Digərləri 26 İyl 2021 15:44:00 224 0

7 dil bilən 12 yaşlı məktəbli: "İlon Mask mənim idealımdır"  MÜSAHİBƏ

İstedadlı insanlar öz üzərində müstəqil işləməyi, dərin düşünməyi, yaşından daha çox suallar verməyi, verilən tapşırıqları daha tez yerinə yetirmələri ilə fərqlənirlər. Elmdə zəka ilə bağlı çoxlu araşdırmalar aparılıb və gəlinən əsas nəticələr budur: İQ 140 və daha yuxarı olan uşaqlar "dahidir". Bu Leyis Termanın kəşfidir. Gardnerə görə isə dil, riyazi, məkan, bədən, musiqi, sosial, təbiət və fərdi qrup üzrə yüksək göstəricilər zəkanı təşkil edən istedad sahələridir. Bəzən istedadlı uşaqlar bir neçə qrup üzrə göstəricidə özünü təsdiqləyə bilər. 

Yüksək intellektə malik uşaqların əsas xüsusiyyətlərindən biri maraqdır. Bəzən böyüklər həmin uşaqların suallarını cavablandırmaqda çətinlik çəkə bilərlər. Valideynlər, müəllimlər  çox yaxşı bir dinləyici olmaqla yanaşı,  uşaqlarına, şagirdlərinə dəstək ola bilməlidirlər. Durmadan  işləyən beyinə sahib olan bu uşaqlar günboyu bir çox məlumat toplayır, onları təhlil edərək sonda həmin bilgiləri bölüşmək istəyirlər. Çox zaman isə onlarla həmyaşıdları və ətrafı anlaşmaqda , dil tapmaqda çətinlik çəkir.

Son.az lent.az-a istinadən xəbər verir ki, parlaq istedadı üzə çıxan yüksək intellekt sahiblərindən biri də Məhəmməd Cəfərlidir. Cəfərli Məhəmməd Tahir oğlu 2009-cu ildə Bakıda  ziyalı  ailədə anadan olub. Anası Cəfərova Xanım ali təhsilli sinif müəllimidir. Onun yetişməsində və yüksək intellektinin üzə çıxmasında anasının rolu danılmazdır. Ailədə üç qardaşdırlar. Böyük qardaşı 19 yaşlı Cəfərov Barış hərbi xidmətdədir. Kiçik qardaşı Cəfərli Əli 5-ci sinif şagirdidir. Məhəmməd ailənin ortancıl övladıdır. Xaraktercə mülayim, təmkinli və sakit təbiətlidir. Yaş yarımında dil açan Məhəmmədin qeyri adi istedadı anasını təəccübləndirir.  Ardınca isə evində fərdi məşğələ keçdiyi məktəbəqədər uşaqlara təlqin etdiklərini Məhəmmədin üç yaşındaca mənimsəməsi və onlardan tez cavab verməsi onu tam əmin edir ki, övladı yüksək intellektə sahibdir. Qısa müddətlik bağça təhsilində də müəllimi onun fərqli olduğunu aşkarlayır və anasına  yaşından tez orta məktəbə yazdırmasını xahiş edir. Ancaq Xanım müəllim övladını  beş yaşından tez məktəbə yollamaqda  zehni yüklənmədən dolayı maraqlı olmur. Məhəmməd beş yaşında artıq ibtidai təhsilin bütün kursunu  mənimsəyir. Odur ki, Məhəmməd orta təhsilini Binəqədi rayonunda yerləşən 179 nömrəli tam orta məktəbin rus bölməsində almağa başlayanda onu birbaşa 3-cü sinfə qəbul etmək istəyirlər, yenə anası mane olur ki, daha çox zehni yüklənmə övladının səhhətinə ziyan verər. 

İbtidai sinfi orda əla qiymətlərlə baş vurduqdan sonra imtahan verərək Bakıdakı Texniki Humanitar  liseyinə  qəbul olur. 6-cı sinfi həmin liseydə fərqlənmə ilə başa vuran Məhəmməd artıq yuxarı siniflərin riyaziyyat, fizika, informatika , astronomiya, coğrafiya və tarix elmlərinə dərin bələddir. Sahib olduğu yüksək intellekt və  güclü mənimsəmə qabiliyyəti müəllimlərini dərin təəccüb içində qoymaqla yanaşı, həm də Məhəmmədlə dil tapmaqda onlara çətinlik yaradır. Çox vaxt Məhəmmədin dərin və cavabı qəliz sualları müəllimlərinə çətin situasiya qarşısında qoyur və onlar uzun müddət bu suallar ətrafında fikirləşməli olurlar.

Məhəmməd üçün isə zaman anlayışı qızıldır və hər bir dəqiqəsini səmərəli istifadə edir ki, itkiyə getməsin.  

Müsahibimi  fərqləndirən dəqiq və humanitar elmlər üzrə yüksək intellekti deyil, həm də bu yaşında onlayn şəkildə sərbəst və səlis  öyrəndiyi yeddi əcnəbi dil biliyi, Quranı oxuya bilməsi və 1-ci "Qara kəmər" sahibi olmasıdır. O, poliqlotdu: rus, ingilis, alman, yapon, çin, türk və ərəb dillərini bilir.

Lent.az Məhəmmədlə müsahibəni təqdim edir: 

- Mənim iki  yaşım olanda qohumlarımın kompüteri var idi. Və mən həmin kompüterdə oyunlar oynayırdım. Oyunların da çoxu ingilis dilində idi deyə, hər şeyi oxuyaraq yoxlayaraq və eşidərək ingilis dilini öyrəndim. Yəni mən ingilis dilini sıfırdan  öyrənmişəm. Və daha sonra rus dilini məktəbdə öyrənməyə başladım. 10  yaşım olanda səlis öyrəndiyim ingilis dilini işlətmək istədim və uzun müddət  ingilis dilində çoxlu elmi videolara baxırdım, bu dili öyrənməyə kömək edirdi. Daha çox dil öyrənməyə isə həvəsim internetdə  gördüyüm maraqlı bir video ilə başldaı. Belə ki, 17 yaşında 23 dil bilən bir oğlanı görəndə  özümə dedim ki, mən də daha çox dil öyrənsəm, pis olmaz. Və beləliklə ingilis dilini işlədərək fərqli mənbələr tapdım və qısa bir zaman ərzində alman dilini öyrənərək fərqli dillərə də keçdim. 

- Hazırda  ana dilin ilə birlikdə  yeddi  dil bilirsən. Bəlli bir dil öyrənmə metodun varmı? Dil öyrənmə ardıcıllığın  və hər birinə nə qədər zaman sərf etməyin maraqlıdır. Çox dil bilmək sənə hansı üstünlük qazandırır, yaxud hansısa çətinlik yaradırmı?

-  Qeyd etdiyim kimi  ilk ingilis dilini, sonra rus dilini öyrəndim.  Ardınca alman dilini öyrənməyə başladım, 6 ay ərzində alman dilini normal səviyyədə danışmağı mənimsədim. Ardınca yapon dilini öyrənməyə başladım. Yapon dili alman dilinə nisbətən daha çətin idi, buna görə yapon dili bir il vaxtımı aldı. Daha sonra çin dilini öyrənməyə başladım. Çin dili yapon dili kimi çətin olmadığından ərəb və çin dilini eyni zamanda öyrənmişəm. Hazırda ərəb dilinin qrammatikası üzərində çalışıram. Çoxlu dillər bilmək mənə daha tez informasiya sahib olmama və xaricdə çoxlu dost tapmama kömək oldu. Yeni dil öyrənmək yeni bir dünya,  elm, mədəniyyət və fəlsəfə öyrənmək deməkdir. Buna görə bəzən Azərbaycan dilindən danışarkən fərqli sözlərdən istifadə edirəm, buna görə məni ətrafdakılar başa düşməkdə çətinlik çəkir. Dil öyrənmə metodum var və bunu işlədərək yeni dilləri daha tez öyrənirəm. İlk olaraq şəxsi əvəzlikləri və lazım olan sözləri öyrənərək çoxlu cümlələr qururam. Bilmədiyim söz olanda isə internetdə baxıram. Ətrafımı həmin dil ilə əhatə edirəm və müxtəlif  mövzular  haqqında çoxlu mətnlər, cümlələr qururam. Və mən düşünürəm ki, hətta  bu metodu işlədərək 1 həftədə bir dil öyrənə bilərəm. Normalda günümün  iki  saatını dil öyrənməyə sərf edirəm. Ən çətin dil yapon dili idi mənim üçün. Hazırda fransız dilini öyrənməyi düşünürəm. 

-Qeyri-adi istedada malik uşaqlar əsasən riyaziyyat, fizika və kimyaya meylli olurlar. Özündən yuxarı siniflərin dərslərini, tapşırıqlarını necə həll edirsən?

-Mənim bütün elmlərə marağım var, amma düşünürəm ki, ən yaxşı bildiklərim tarix, riyaziyyat, fizika, informatika və dillərdir.  Buna baxmayaraq digər elm  sahələrindən də çoxlu danışa bilərəm, amma bunlara çox vaxt müəllimlər fikir vermirlər. Məsələn, fizikadan çoxlu çoxlu nəzəriyyələr bilirəm, amma  hələ ki, müəllimlərin mənə öyrətmələrini gözləyirəm, özüm daha dərinlərə enmirəm. Hazırda yay tətilində 6-cı və 11-ci sinfin tarixini oxuyaraq bitirməyi düşünürəm.