AZALın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb


Digərləri 26 İyl 2021 15:50:00 148 0

AZALın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb

Uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür. Bu siqnalları ilk dəfə Azərbaycan Milli daşıyıcısının (AZAL) təyyarələri qəbul edib.

İndi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli beynəlxalq hava limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər.

Bu radioçağırış siqnalları qeydiyyata alınaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hava gəmilərinin uçuşlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq aeronaviqasiya təminatı məqsədilə Füzulidəki beynəlxalq hava limanında radiotexniki avadanlığın fəal tətbiqi həyata keçirilir. Radiolokasiya kompleksinin, alətlər üzrə enmə sisteminin quraşdırılması davam etdirilir, həmçinin aviasiya-meteoroloji təminat sistemlərinin yerləşdirilməsi başa çatdırılmışdır.

Qeyd etməliyik ki, Azərbaycan ICAO-nun üzvüdür və Beynəlxalq mülki aviasiya haqqında konvensiyaya uyğun olaraq (həmçinin "Çikaqo Konvensiyası" kimi tanınır) beynəlxalq aeronaviqasiya sahəsində dövlət öhdəliklərinin yerinə yetirilməsini təmin edir.