Kərim Vəliyevin təyinatı: ermənilər müqayisələr apardı


Digərləri 24 İyl 2021 10:18:00 118 0

Kərim Vəliyevin təyinatı: ermənilər müqayisələr apardı

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi Kərim Vəliyevin vəzifəsindən azad edilərək, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsinə erməni sosial şəbəkə istifadəçiləri həyəcanlı reaksiya veriblər.

Son.az axar.az-a istinadən xəbər verir ki, Ermənistanda bir-birinin ardınca müdafiə naziri və Baş Qərargah rəisinin dəyişdiyini, Vaqarşak Arutyunyanın istefasından sonra Müdafiə Nazirliyinə normal bir rəhbər tapılmamasını, nəhayət, Baş Qərargah rəisinin müavini Arşak Karapetyanın birinci müavin təyin edilərək, ona nazirin səlahiyyətlərinin verilməsi fonunda qurumdan bir-birinin ardınca ciddi istefaların yaşandığı bir zamanda Azərbaycanda Kərim Vəliyev kimi müsbət imicli bir zabitin Baş Qərargah rəisi təyin edilməsinə diqqət çəkilib.

Bu arada erməni ekspertlər də K.Vəliyevin təyinatını bu konstekstdə qiymətləndiriblər. Məsələn, erməni hərbi analitik Ayk Xaçikyan Kərim Vəliyevin orduda təsadüfi şəxs olmadığını bildirib.

"Bu vəzifəni müdafiə nazirinin müavinlərindən birinin tutacağı gözlənilən idi. Kərim Vəliyev isə bu vəzifəyə qədər bir çox sahələrə rəhbərlik edib - briqada komandiri, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Strategiyası İdarəsinin rəisi olub", - deyə o bildirib.

Erməni ekspert eyni zamanda Kərim Vəliyevin Orduda nüfuzu olduğunu da etiraf edib. Bildirib ki, adı heç vaxt siyasi və korrupsiya qalmaqalında hallanmayıb.

Nəcməddin Sadıqovun müharibə zamanı vəzifəsindən ayrılmasını xatırladan ekspertin sözlərinə görə, Müdafiə Nazirliyi Aparatı o zaman da heç bir sapmaya yol vermədən dəqiq işləyib.

Ayk Xaçikyan K.Vəliyevin təyinatında Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə keçid strategiyasının rol oynadığını da istisna etməyib.

Qeyd edək ki, 44 günlük savaşda birbaşa iştirak edən Kərim Vəliyevin necə bir zabit olduğunu ermənilər döyüş meydanında da müşahidə ediblər.