Əbülfəs Qarayevdən xəbərsiz milyonları necə mənimsəmək olardı?


Digərləri 23 İyl 2021 13:38:00 146 0

Əbülfəs Qarayevdən xəbərsiz milyonları necə mənimsəmək olardı?

Hazırda iki müavini milyonluq yeyintiyə görə həbsdə olan Mədəniyyət Nazirliyində yarım milyon manatdan çox yeni mənimsəmə faktı aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki, 2018-ci ildə o zaman Mədəniyyət və Turizm Nazirliyi ilə "Rəqəmli Dövr" MMC arasında intentarların alqı-satqısı üzrə müqavilə bağlanıb.

Daha sonra nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə həmin şirkətə külli miqdarda ödəniş edilib.

Həmçinin, "Azərbaycan Konqreslər Bürosu" MMC 2017-2018-ci illərdə təşkil edilmiş üç festival barədə telekanallarda ödənişsiz reklamlar versə də, buna görə, nazirlik onlara xüsusilə külli miqdarda büdcə vəsaiti ödəyib.

Bu faktlara görə, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qanuna görə, xüsusilə külli miqdar dedikdə 500 min manatdan artıq məbləğ nəzərdə tutulur. Bu məbləğdə ödəniş isə telekanallarda pulsuz verilən reklamlara görə mənimsənilib. Digər epizodda - kitabça və xəritələrin alınması üçün külli miqdarda pul ödənilib. Burada isə söhbət 50 mindən 500 min manatadək olan məbləğdən gedir. Görünür, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin dövründə "yeyilən" daha bir milyonluq məhkəmə işi araşdırılacaq.

Əbülfəs Qarayev 1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə dövlət qurumunun adı dəyişdirilərək Mədəniyyət Nazirliyi adlanıb.

Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla nazirin müavini və xidmət rəisi həbs edildi. Həmin iş üzrə müavin Rafiq Bayramovun hazırda məhkəmə prosesi gedir və R.Bayramov 1,8 milyon manat pulu rüşvət qismində alaraq mənimsəməkdə ittiham edilir. O, tabeliyində olan idarələr və musiqi məktəblərindən aylıq on minlərlə manat məbləğində "tas" yığmaqda təqsirləndirilir.

Digər şəxs isə Zakir Sultanovdur. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da milyonlarla manat yeyintidə ittiham edilir. Onun şübhəli bilindiyi cinayətlərin epizodları çox olduğu üçün 1 il 2 aydır ki istintaq davam edir.