Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb FOTO


Siyasət 22 İyl 2021 20:04:00 191 0

Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb  FOTO

22 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov qonaqları salamlayıb və həyata keçirilən səfərin bölgədəki vəziyyətlə bağlı dolğun məlumatın əldə edilməsi ilə yanaşı, ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib.

Bölgədəki cari vəziyyət, xüsusilə də post-münaqişə mərhələsi barədə qarşı tərəfə ətraflı məlumat verən nazir, Milli Assambleya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı vəziyyət və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdiyi təqdirdə, Ermənistan rəsmi dairələri tərəfindən səsləndirilən revanşist bəyanatlar, habelə sərhəd gərginliyi, delimitasiya və demarkasiya prosesinə başlamaqla bağlı Azərbaycanın mövqeyi, bölgədə insan həyatına başlıca təhdid olan mina məsələsi, azad olunmuş ərazilərin bərpası prosesi və bu prosesdə iştirak edən xarici şirkətlər barəsində qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.