Portuqaliya pasportu əhəmiyyətinə görə dünyada altıncıdır


Dünya 18 İyl 2021 20:07:00 151 0

Portuqaliya pasportu əhəmiyyətinə görə dünyada altıncıdır

Portuqaliya pasportu "Henley Passport Index" şirkətinin reytinqində altıncı mövqedədir. Reytinq viza almaq zərurəti baxımından 199 pasport üçün 227 istiqamətin əlçatanlığını müqayisə edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Portuqaliya qrupuna İsveç, Fransa, Niderland və İrlandiya daxildir. Bu ölkələrin pasportları 188 təyinat məntəqəsinə vizasız girişə imkan verir.

Siyahıda birinci yerdə 193 təyinat məntəqəsi ilə Yaponiyadır. İkinci yeri Sinqapur (192), üçüncü yeri isə Cənubi Koreya və Almaniya (191) tutur.

Avropa ölkələri İtaliya, Finlandiya, İspaniya və Lüksemburq 190 təyinat məntəqəsi ilə dördüncü yerdədir. Sonrakı yerləri Danimarka və Avstriya (189) bölüşürlər.

Portuqaliya qrupunun ardınca Belçika, Yeni Zelandiya, İsveçrə, Böyük Britaniya və ABŞ gəlir.

Son yerlərdə 29 istiqamətə malik Suriya (114-cü yer), 28 istiqamətə malik İraq (115-ci yer) və 26 istiqamətə malik Əfqanıstan qərarlaşıb.

"Henley & Partners" şirkətinin Baş direktoru Yurq Şteffen qeyd edir ki, pandemiya beynəlxalq səyahətlərə qoyulan müxtəlif məhdudiyyətlər ucbatından premium-klass pasportlarının nüfuzunu zəiflədib.