“Patı” və digər zəhərlərin məhv etdiyi insan həyatları FOTO


Digərləri 18 İyl 2021 16:20:00 158 0

“Patı” və digər zəhərlərin məhv etdiyi insan həyatları  FOTO

Azərbaycanda "patı" və digər narkotik maddələrin son zamanlar geniş yayılması problemi ətrafında ictimai müzakirələrin ardınca polis hər gün Bakıda və bölgələrdə zəhər tacirlərinə qarşı əməliyyatlar keçirir. Onları yaxalayır və külli miqdarda narkotik maddəni dövriyyədən çıxarır, o cümlədən internet üzərindən narkotik satışının qarşısını almaq üçün mübarizəni gücləndirir.

Narkomaniyanın yayılmasının ciddi problem olduğunu Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayının artması da təsdiq edir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvarınadək 33 min 788 nəfər narkotik istifadəçisi qeydiyyatda olub. Onlardan 618 nəfəri qadın, 9-u isə 15-17 yaşlılardır.

Son.az bildirir ki, virtualaz.org-un əməkdaşları Respublika Narkoloji Mərkəzində narkomaniya bəlasından xilas olmağa çalışanların müalicəsi ilə maraqlanıblar. Məlum olub ki, narkomaniyanın yaşı da cavanlaşıb. Bir neçə il əvvələdək narkotikdən istifadə edən təbəqə əsasən 25-35 yaş arası idisə, indi bu göstərici yeniyetməlik dövrünə düşüb.

Həmçinin qadınlar arasında narkotik istifadəçilərinin artımı müşahidə edilir. Baxmayaraq ki, qadınlar, yaxud onların yaxınları müalicə üçün müraciət etməkdən çəkinirlər. Mərkəzin direktoru Orxan Cəfərov deyir ki, bununla belə, təbliğatlar, maarifləndirmə nəticə verir, könüllü müalicə olunmaq istəyənlərin sayı artır. İlkin dövrdə müalicəs, bu bəlaya düçar olanların normal həyata qaytarılması daha realdır. Sonrakı dövrlərdə müalicə çətinləşir. Mərkəzdə müalicə alanların bir neçəsi ilə söhbətləşirik. Və o da bəlli olur ki, narkomaniya təkcə natamam, yaxud problemli ailələrin deyil, həm də firavan ailələrin bəlasına çevrilib. Belə ki, ideal, uğurlu, maddi cəhətdən təmin olunmuş ailələr də bu problemlə qarşılaşırlar.

Gəncədən gəlib, atası professor, anası həkimdir...

38 yaşlı Arif Məmmədov (ad şərtidir-red.) Gəncədən gəlib. Deyir ki, özü hərbçi,  atası professor, anası isə həkimdir. Ailədə bir bacı, iki qardaşdırlar. Narkotikə qonşusunun "tövsiyyə"si ilə təxminən 10 il əvvəl qurşanıb. Buna görə ailə də qurmayıb. Arif qollarını göstərib deyir ki, bu günə kimi nə "iynə" vurub, nə də "şüşə" dadıb. Bununla belə ailəsinin get-gedə parçalanmasına, yoxsullaşmasına səbəb olub.

"İndiyə kimi müalicə olunmaq istəyirdim, amma çevrəmdəkilər imkan vermirdi. Könüllü müalicə olunuram. Buradan çıxandan sonra çevrəmi dəyişməyə cəhd edəcəyəm. Baxıram ki, ailəm məndən utanır. Bu da mənə təsir edir",-o bildirir.

Arif onu da deyir ki, narkotik vasitə əldə etmək istəyənlər onu hansı yolla olursa olsun, tapa bilirlər.

Xəyalları puç olan 26 yaşlı Xəyal

Ziyalı ailədə doğulub böyüyən 26 yaşlı Xəyal Abbasov (ad şərtidir-red.) isə 5 ildir ki, "ağ ölüm"ün cənginə düşüb. Atası vəkil, anası müəllimədir. Atasının şikayəti əsasında məcburi müalicəyə göndərilib. Xəyal başına gələnləri danışır: "Xarkovda ali məktəbi bitirdim, kapitan köməkçisi kimi işə düzəldim. Ukraynada oxuyanda kimsə mənə nə vaxtsa bu bəlaya aludə olacağımı desəydi gülüb keçərdim. İş yoldaşım narkotik istifadəçisi idi. Mənə də təklif etdi, iki-üç dəfə imtina etdim. Sonra "bir dəfə ilə heç nə olmaz" deyə daddım, xoşuma gəldi. O gündən sonra ayrıla bilmədim".

Xəyal deyir ki, iş yoldaşı ona narkotik vasitələrin həzzindən danışıb, amma "lomka" barədə yalnız istifadə etdikdən sonra bilib: "Heroini 320 manata alırdım, üç gün bəs edirdi. Sonra pul çatdıra bilmədim. Başladım "şüşə" istifadə etməyə".

Müsahibimiz onu da deyir ki, "şüşə"dən istifadə edənləri ilk baxışdan müəyyənləşdirmək mümkün deyil. Onun özü də bir neçə dəfə "şüşə"dən istifadə edərək işə gedib, kimsə şübhələnməyib.

"Maaşı vaxtında ala bilməyəndə aqressiv olurdum, bilirdim ki, evdən pul verməyəcəklər. Buna görə də işdə bir neçə dəfə dava salmışam. Beynim o qədər oyaq olurdu ki, sutkalarla gecələri yata bilmirdim, beynim oyaq qalırdı",-o deyir.

Xəyallarının gerçəkləşəcəyinə ümid bəsləyən Xəyal həm də narkotik vasitədən bircə dəfə belə olsun istifadə etmiş qadınla ailə həyatı qurmaq istəmdəyini deyir: "Gələcəkdə ailə quraramsa, övladım olarsa heç vaxt onu nəzarətsiz qoymaram. Qoymaram ki, kimlərin təsiri altına düşsün, narkotikdən istifadə etsin".

Arıqlayıb çöpə dönən, dişləri tökülən gənc qadın...