"Bu il Azərbaycan xalqı Qurban bayramını daha böyük və əvəzolunmaz qürur hissi ilə qeyd edir"


Digərləri 14 İyl 2021 15:58:00 132 0

"Bu il Azərbaycan xalqı Qurban bayramını daha böyük və əvəzolunmaz qürur hissi ilə qeyd edir"

Ötən əsrin 90-ci illərində Azərbaycan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqillik, inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur. Ulu öndərin tarixi ənənələrin davam və inkişaf etdirilməsinə əsaslanan müdrik siyasəti sayəsində dini bayramlarla bağlı siyasi varislik həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmişdir. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan etməsi Azərbaycan xalqının dini dəyərlərinə dövlət səviyyəsində göstərilən böyük ehtiramın bariz nümunəsidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirib:

"Bu il Azərbaycan xalqı Qurban bayramını daha böyük və əvəzolunmaz bir sevinc və qürur hissi ilə qeyd edir deyən millət vəkili vurğulayıb ki, Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun örnəyidir.

Prezident İlham Əliyevin Qurban bayramı münaisbətilə xalqa müraciətində də qeyd etdiyi kimi - "...Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır".