Virtual təhrik təhlükəsi


Digərləri 14 İyl 2021 13:29:00 252 0

Virtual təhrik təhlükəsi

Real ictimai münasibətlərin virtual inikası - sosial şəbəkələr. Bu çoxşaxəli və çoxfunksiyalı platformada baş verən hadisələr güzgü effekti ilə real ictimai münasibətlərin keyfiyyətini təyin və təmin edir.

Son.az Real TV-yə istinadən xəbər verir ki, buna görə hər bir cəmiyyətdə, ictimai münasibətlərin formalaşdığı məkanlarda hüquqi tənzimlənməyə ehtiyac var.

Çünki sosial şəbəkələr böyük informasiya və fikir mübadiləsi ünvanı olmaqla yanaşı ritorik, aqressiv, anarxist hərəkətlər üzərində formalaşan, mənfi tendensiyalar yaradan platformadır.

Bütün bunlar isə hüququn virtual məkana tətbiqinin vacibliyi faktorunu ortaya qoyur.

Son zamanlar ölkədə sosial şəbəkələrin trendinə düşən təhdid və nifrət epidemiyasına, milli mənəvi dəyərləri deqratasiyaya uğradan mövzulara diqqət yetirsək, Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə atdığı addımlar müsbət haldır.

Ölkənin hüquq-mühafizə orqanları sosial şəbəkələrdə təhdidlə mübarizənin yeni mərhələsinə start verib. Bu günə qədərki xəbərdarlıqların yerini ciddi və sərt addımlar tutub.

Bununla da hüquq-mühafizə orqanları sosial şəbəkələr üzərindən cəmiyyətə mənfi impluslar, dağıdıcı fikirlər, müxtəlif zərərli çıxışlar ötürən şəxslərə qarşı cəza metodu tətbiq edir.

Nəticədə həmin adamlar öz fikirlərinin doğru olmadığını və səhvə yol verdiklərini yenidən sosial şəbəkələr üzərindən cəmiyyətə bildirmiş olur. Bu isə qanun çərçivəsində müsbət tendensiyaya doğru atılan sərt addım və çəkindirici əməllərin yalnız cəza deyil, həmçinin tərbiyə tədbirləri ilə də həyata keçirilməsinin mümkün olduğunun göstəricisidir. Buna görə də Azərbaycan hüquq-mühafizə sisteminin sosial şəbəkələrdə də tətbiqi ilə bağlı heç bir problem olmamalıdır. Çünki beynəlxalq təcrübə, kibercinayətkarlığa qarşı mübarizə metod və üsulları var. Əslində bu sadə məsələ deyil. Çünki virtual şəbəkələrdə inzibati ərazi bölgüsü və rəsmi qeydiyyat yoxdur. Bu səbəbdən hər bir fərdin davranışlarına real ictimai münasibətlərdəki kimi diqqət yetirmək, hüquqi qərarlar vermək imkanları olmur. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanlarının qarşısında mühüm vəzifələr durur. Əvvala bu orqanlar sosial şəbəkələrdə öz kabinetlərini yaratmalıdır. Bunun üçün istər kibercinayətkarlığa qarşı, istərsə də sosial şəbəkələrdə baş verən hüquq pozuntularına qarşı ciddi kadr hazırlığına və peşəkar kadrların bu müstəvidə addımlar atmasına ehtiyac var. Hər halda daha effektiv müdaxilə üçün hüquq-mühafizə orqanları ilə yanaşı digər əlaqədar qurumlar da həmin prosesdə fəal iştirak etməlidir. Belə olarsa, virtual azadlıq içərisində həm hüquq olar, həm də anarxiya baş verməz. Məhz buna görə, Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına ehtiyac var.