Xarici jurnalistləri təəccübləndirən Azərbaycan fərqi


Siyasət 14 İyl 2021 12:59:00 128 0

Xarici jurnalistləri təəccübləndirən Azərbaycan fərqi

Azərbaycan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında əməkdaşlığa hazırdır. Qarşılıqlı əməkdaşlığımız həm regional, həm də qlobal sülhə mühüm töhfəsini verə bilər. 10 noyabr üçtərəfli bəyanatının imzanalanması nəticəsində qarşı tərəflə bir sıra istiqamətlərdə qısa müddət ərazində müsbət nəticələr əldə olunsa da, Azərbaycan tərəfini narahat edən bəzi ciddi məsələlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan uzun illər ölkəmizə qarşı həyata keçirdiyi hərbi cinayətləri 44 günlük Vətən müharibəsindən sonra da davam etdirir. Ermənistanın minalanmış ərazilərimizin xəritələrini verməməsi, son günlər yenidən Tovuz, Ağdam, Şuşa, Naxçıvan istiqamətində atəşkəsi pozmaları uzun illər ərzində ölkəmizə qarşı həyata keçirdiyi hərbi cinayətlərin davamıdır. 

Atəşkəsin pozulması, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində insanların həlak olması və yaralanması faktlarına təəssüf ki, bu gün də rast gəlirik. Bu statistika demək olar ki, gündəlik olaraq dəyişir. Bununla bağlı Ermənistana təzyiq artırılmalıdır və beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistana səssiz qalmamalıdır. Rəsmi Bakının son bütün iştirak etdiyi konfranslar, rəsmi görüşlər vasitəsilə bu istiqamətdə etdiyi müraciətlər öz nəticəsini verməyə başlayıb. Belə ki, ermənipərəst qüvvələrin daha çox aktiv olduğu Litvada cəmiyyəti növbəti erməni yalanı ilə aldatmağa cəhdlərin qarşısını almaq üçün Azərbaycan və Litva hökümətləri arasında baş tutan son söhbətləşmələr öz faydasını verir. Qarabağ həqiqətlərinin, erməni terrorziminin, vandalizminin daxili auditoriyaya daha real şəkildə çatdırılması üçün litvalı jurnalistlərin işğaldan azad edilən ərazilərdən hazırladıqları son reportajlar belə deməyə əsas verir. 

Litvalı jurnalist Yaunius Matonisin Cəbrayıldan hazırladığı reportaj bu baxımdan xüsusilə əhəmiyyət kəsb edir. O, reportajında qeyd edib ki, "Cəbrayıl rayonunda 130 km-lik dəmir yolu xəttinin tikintisinə başlanılıb. Əvvəlcə minaaxtaranlar iş başında əraziləri minalardan təmizləyirlər. Bir rayonda 100 minədək mina basdırılıb. Bu yaxınlarda minaya düşən iki jurnalist həlak olub". Yaunius sadəcə bu kiçik təqdimatı ilə tək Azərbaycanın bölgədəki, regiondakı quruculuq, bərpa, infrastruktur layihələrinə olan marağını diqqətə çatdırmayıb, eyni zamanda ermənilərin 30 il ərzində Azərbaycan torpaqlarında törətdikləri "mina" terrorunu, vəhşiliyini ictimaiyyətinə təqdim edib.

"Minalar əsasən Sovet dönəmindən qalan Rusiya və Ermənistan istehsalıdır" deyən litvalı jurnalist bölgədəki ümumi vəziyyəti təsvir etməyə çalışıb. O bildirib ki, Böyük Krallıq (İngiltərə) və UNİCEF ərazilərin minalardan təmizlənməsinə yardım edir. Yaunius Matonis reportajda "Dağlıq Qarabağda 7 rayonun ərazisi minalanıb. Yalnız üç rayonun minalarının xəritəsi əldə olunub. Bu 200 mindən çox minanın basdırıldığı xəritələrdir. Ermənistan mina xəritələrini hərbi əsirlərlə dəyişdirib" fikirlərinə yer ayırmaqla işğaldan azad edilən ərazilərdəki vəhşiliyin miqyasını oxucuları üçün təsəvvür yaratmağa çalışıb.

Ümumilikdə isə litvalı jurnalistlər Azərbaycanın işğaldan azad etdiyi ərazilərindən hazırladıqları reportajlarda vətəndaşlarımızın şəhidlərin xatirələrini əziz tutmasına və böyük hərbi qələbədən sonra Azərbaycan xalqında hökm sürən milli qürurun olduqca yüksək olduğuna öz reportajlarında xüsusi yer ayırıblar. 

Təhməz Əsədov Son.az