Lovğa və qaba, amma hünərvər marşal


Digərləri 14 İyl 2021 04:16:00 170 0

Lovğa və qaba, amma hünərvər marşal

SSRİ-nin hərbi elitasında, xüsusilə də sovet-alman müharibəsi dövründə marşal Vasili Çuykovun özünəməxsus yeri olub.

Son.az "müsavat"a istinadən bildirir ki, müasirləri onu qorxmaz sərkərdə, hərb işinin mükəmməl təşkilatçısı kimi xarakterizə ediblər. Çuykov təkcə hərbçilər arasında deyil, yüksək ranqlı dövlət məmurları arasında da böyük nüfuza sahib olub. Təsadüfi deyil ki, 1942-ci ildə Dövlət Müdafiə Komitəsində Stalinqradın müdafiəsinin komandanlığının kimə həvalə edilməsi müzakirə olunanda İosif Stalin bütün namizədlərin üstündən xətt çəkərək bu çətin və mürəkkəb məsələni Vasili Çuykova həvalə edib.

Sovet dövrünün ən tanınmış sərkərdələri öz memuarlarında marşal Vasili Çuykov haqqında yüksək fikirlər söyləyiblər, onun döyüş yollarının, keçirdiyi hərbi əməliyyatların, xüsusilə Stalinqradın müdafiəsindəki xidmətlərinin hərb tarixində önəmli yer tutduğunu vurğulayıblar.

Böyük sərkərdə olmaqla yanaşı, Çuykovun şəxsi keyfiyyətləri, xarakteri də uzun illər müzakirə mövzusuna çevrilib. Həmkarları onu çox qaba, mübahisə etməyi xoşlayan bir şəxs kimi də xatırlayıblar.   Marşal Aleksandr Vasilevski öz xatirələrində Çuykovun xarakterindəki bu cizgilər haqqında yazıb:   "Müharibə dövründə marşal Çuykov məğlubedilməz bir sərkərdə kimi tanınıb. O, hərbi əməliyyatların keçirilməsində son dərəcə peşəkarlıq nümayiş etdirib. Amma bu müsbət göstəricilərlə yanaşı, onda çatışmayan cəhətlər də olub. Yerli-yeriz mübahisələrə girişməyi, kobudluq etməsi ilə Çuykov həmişə səbrsiz bir adam olduğunu mümayiş etdirib. Onun nəinki sıravi əsgərlərə, hətta zabitlərə əl qaldırması adi hala çevrilmişdi. Çuykovla mübahisə etmək mənasız bir iş idi. Döyüşlərdə məğlub olmadığı kimi, mübahisələrdə də məğlub olmaq istəmirdi. Marşal Çuykov müharibə başlandığı gündən lüğətindən məğlubiyyət sözünü silmişdi..."

Çuykov özündən həm rütbə, həm də vəzifəcə üstün olanlarla da kobud rəftar edib. O, bir çox hallarda qələbənin təmin olunmasında öz xidmətlərini hətta "Qələbə marşalı"ndan, Georgi Jukovdan da üstün tutub. Müharibədən sonrakı illərdə ən mötəbər tədbirlərdə Çuykov II dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətinin əsas səbəbini Stalinqrad döyüşlərində görüb və Stalinqradın müdafiəsindəki xidmətlərini hər dəfə dilə gətirib, Stalinqradın müdafiəsinin komandanı olduğunu dəfələrlə söyləyib. Ümumiyyətlə, Stalinqradın müdafiəsini Çuykov özünün vizit kartına çevirib. Hətta 1981-ci ildə, ölümündən bir il əvvəl Çuykov Mərkəzi Komitəyə məktub ünvanlayaraq xahiş edib ki, vəfat edəndə onu Volqaqradda (Stalinqradda) Mamayev kurqanında, "Ana Vətən çağırır" abidəsinin qarşısında dəfn etsinlər. Marşalın vəsiyyət-müraciəti yerinə yetirilib.

Kobudluğu sayəsində Çuykovun bir çox hərbi vəzifəlilərlə münasibətləri isti olmayıb. O cümlədən Jukovla Çuykovun da münasibətlərində soyuqluq hökm sürüb. Bu xarakterinə baxmayaraq, müharibə illərindən sonra da marşal Çuykov hərbi karyerasında uğurlar qazanıb, quru qoşunların komandanı, müdafiə nazirinin müavini vəzifəsinə qədər yüksəlib.