Uşağı gün, yoxsa isti vurub?


Digərləri 10 İyl 2021 16:15:00 194 0

Uşağı gün, yoxsa isti vurub?

İyul ayının sonları ölkəmizdə hava şəraiti olduqca isti keçir. Belə günlərdə uşaqlara qarşı xüsusilə diqqətli olmalısınız. Uşağın bədəninin termorequlyasiyasının xüsusiyyətləri səbəbindən olduqca təhlükəli bir vəziyyət - istivurma və ya günvurma inkişaf edə bilər. İstivurma ilə günvurma arasındakı fərq nədir? Uşaqları günvurmadan necə qorumaq olar? İstivurma körpələr üçün nə qədər təhlükəlidir? Bunların əlamətlərini necə tanımaq olar?

Son.az bildirir ki, bu və digər suallara Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov aydınlıq gətirib.

Mütəxəssis söhbətin əvvəlində deyib:

- Yay mövsümündə isti havaya məruz qalmağın təsirləri ilə əlaqədar pediatrlara müraciətlərin sayında kəskin artım müşahidə olunur. Bu yay da istisna deyil. Hazırkı vəziyyəti və yay mövsümünün qızmar günlərinin hələ qabaqda olmasını nəzərə alaraq, uşaqları istivurmadan və onun ağır nəticələrindən mümkün qədər qorumaq üçün valideynlərə bir neçə tövsiyələr və məsləhətlər vermək istərdim. Məsələ burasındadır ki, bu problemlə bağlı elektron məlumatlar da daxil olmaqla, mediada bir çox fərqli informasiya mövcuddur. Lakin bu materialları təhlil edərkən, bəzi məqalələrin və tövsiyələrin tam düzgün olmadığı və hətta bəzən uşağa zərər verə biləcəyi ortaya çıxır.

Təbii ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir. Ancaq, eyni zamanda, isti günlərdə diqqətli olmağı unutmamalıyıq. Unutmamalıyıq ki, əgər uşaq uzun müddət istidə və ya günəş şüaları altındadırsa, istivurma və ya günvurma baş verə bilər. Bu, olduqca təhlükəli bir vəziyyətdir və ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir.

- İstivurma ilə günvurma arasındakı fərq nədir?

- İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Eyni zamanda, istivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın bir növü olan günvurma, günəş şüalarının birbaşa baş nahiyəsinə məruz qalması nəticəsində olur.

Hər iki vəziyyət o halda baş verir ki, uşaq uzun müddət istiyə (istivurmaya) və ya birbaşa günəş şüasına (günvurmaya) məruz qalır, bu da həyati orqanların funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda istiliyin orqanizmə təsir müddətindən də asılıdır.

İstivurmanın inkişafına təkan verən digər amillər arasında ətraf mühitin yüksək rütubəti, küləksiz hava, mayenin az qəbulu, Günəş altında həddindən artıq fiziki fəaliyyət və s. qeyd etmək olar. Bol və yüksək kalorili qida məhsulları, piylənmə və ya artıq çəki (həddindən artıq dərialtı piyin olması istinin xarici mühitə ötürülməsini çətinləşdirir) də bədən isinməsinin inkişafına səbəb olan amillərdir.

- İstivurmanın əsas əlamətləri hansılardır?